SİZİN REKLAM BURADA!
055 213 76 73


Sürücülər avtomobillərin yan arxa şüşələrinə yenidən pərdə və plyonka vurmağa başlayıb.

Hər il mayın 1-dən noyabrın 15-nə qədər avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadə edilməsinə icazə verilir.

Bu il mayın 1-dən sonra avtomobillərin şüşələrinə plyonka vuran sürücülər cərimə edilməlidirmi?

Ötən ilin sonlarında jalüzlərin istifadəsi ilə bağlı qanunda dəyişiklik edilməsi barədə təkliflər hazırlanaraq parlamentə təqdim edilib. Bu səbəbdən də ötən müddət ərzində sürücülər məsuliyyətə cəlb olunmayıb.

Qanuna təklif edilən dəyişikliyə parlamentin reaksiyası gecikdiyinə görə hər bir sürücü noyabrın 15-dək jalüzlərdən istifadə edə bilər.

Baş Dövlət Yol polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev İctimai TV-yə açıqlamasında bildirir ki, sürücü görüşü məhdudlaşdıran hər hansı plyonkadan istifadə edə bilməz:

"Sürücülər başa düşməlidir ki, sürücünün görüş dairəsini məhdudlaşdıran istənilən örtüklərin çəkilməsinə görə həmin sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər. Ona görə də sürücülərimizdən xahiş edirik ki, mövcud qanunverciliyə ciddi riayət etsinlər".

Avtomobillərdə pərdə, örtük və jalüzlərin hansı formada tətbiq edilməsinə icazə verilməsi Milli Məclisdə qəbul ediləcək qərardan asılı olacaq. 

Qeyd edək ki, dövlət standartlarını müəyyən edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə minik avtomobillərində şüşələrin işıq buraxma qabiliyyəti - küləyə qarşı şüşələr üçün 75 faiz, qabaq görünüşü təmin edən, küləyə qarşı olmayan şüşələr üçün 70 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün 60 faizdən aşağı olmamaqla müəyyən edilib.

Beləliklə, minik avtomobillərinin şüşələrinin, pərdə və plyonkalar istisna olmaqla, tündləşdirilməsi - qabaq şüşələr üçün 25 faiz, qabaq-yan şüşələr üçün 30 faiz, arxa-yan şüşələr üçün 40 faiz normal sayılır.

Arxa şüşələrin tündləşdirilməsinə, sürücünün arxa görünüşünü məhdudlaşdırmamaq şərti ilə, məhdudiyyət qoyulmur.

BAKU.WS
VİDEO