VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikintisi işləri davam etdirilir.


Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə məlumat verib. Verilən məlumata görə, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhəi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.


4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması,


ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək.


Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Yolun keçəcəyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir. Bu ərazidə çoxlu çaylar, meliorasiya qurğuları, su hövzələri ilə, neft çıxarılan ərazilərlə kəsişmələr layihənin ən əhəmiyyətli aspektidir.


Aparılan tikinti işləri çərçivəsində beton yolda mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılıb, köhnə asfalt frezlənib. Həmçinin layihə boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, beton yolda, həmçinin yeni yolun qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb.


Beton yolda yol geyiminin tikintisi işləri artıq yekunlaşmaq üzrədir.

Belə ki, yol geyimi üst qatına qədər tikilib. Yeni layihələndirilən yolun isə 25-26.3-cü km-lik hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş suötürücü və ehtiyat boruların 305 paqon-metri artıq quraşdırılıb,


kommunikasiya xətlərinin köçürülməsi isə 90% yerinə yetirilib. Layihənin 1-ci lotu üzrə işlərin fiziki tərəqqisi ümumilikdə 40% təşkil edir.

Qeyd edək ki, yeni yolun sözügedən hissəsi boyunca 2 yol qovşağı, 1 yol ötürücü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi,


meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 000 paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.

Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək.


Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.


Belə ki, tikinti işləri layihənin 157-192 km-lik (35km) hissəsində görülüb və bu hissəsində qazma və dolğu işləri tamamlanıb. 35 km-lik ərazinin 23 km-lik hissəsində yol geyimi işləri, yəni hamarlayıcı lay, əsasın alt layı və əsas lay işləri görülüb,

12 km-lik hissəsində isə yolun asfalt örtüyü binder səviyyəsində tiklib. Paralel olaraq yolun 137-192 km-lik (55km) hissəsində layihə çərçivəsində su ötürücü və drenaj işləri görülüb, alt və ehtiyat keçidləri tikilib.


Bundan əlavə olaraq, sözügedən hissədə müxtəlif gərginlikli elektrik xətlərinin, rabitə xətlərinin, su və qaz xətlərinin dəyişdirilməsi işləri də yekunlaşıb.

Bundan başqa layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb, 4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazınti işləri, svay vurma işləri və s. tikinti işləri qismən görülüb.

Tikinti işləri birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Layihə sənədlərinin hazırlanması, məsləhətçi xidmətlərinin yerinə yetirilməsi, tikinti-quraşdırma işlərinin hansı mərhələdə olması,


həmçinin layihədə qarşıya çıxan problemlərin həlli yollarının axtarılması və aradan qaldırılmasının işçi qaydada həll olunması məqsədi ilə mütamadi olaraq Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə tikinti meydanındaca yolun tikintisini və layihələndirilməsini həyata keçirən podratçı və layihəçi şirkətlərin nümayəndələrinin iştirak etdiyi iclaslar keçirilir.


İdarə Heyətinin sədri Saleh Məmmədov növbəti bu cür görüşlər zamanı layihənin əhəmiyyətini bir daha diqqətə çatdıraraq tikinti işləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır.


Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin,


o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.


Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməl qoyma mərasimi keçirilib.

Ziya SƏCCAD
BAKU.WS