SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə “Baku Medical Plaza” klinikasında 5 aylıq körpənin dünyasını dəyişdiyi və meyitin valideynlərinə təhvil verilməsi üçün 10 min manat pul tələb edildiyi ilə bağlı video yayılıb.

Dünyasını dəyişən uşağın nənəsi Sona Mustafayeva iddia edir ki, uşaq klinikada komaya düşüb, daha sonra həyatını itirib.

“İndi də bizə deyirlər ki, 10000 manat verin uşağın meyitini sizə təhvil verək”, - deyə Sona Mustafayeva iddia edib.

Yayılan məlumatlarla bağlı “Baku Medical Plaza” klinikasının Baş həkimin müavini Lalə Şəkərova Realtv.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə əsassızdır.

Onun sözlərinə görə, 5 aylıq uşaq xəstəxanaya iyunun 25-də daxil olub.

“Uşaq müayinə olunandan sonra onun vəziyyəti barədə valideynlərinə məlumat verilib. Uşaq metabolik xəstə olub. Ayın 28-də uşaq vəfat edəndən sonra valideynlərinin klinikaya olan 2200 manat borcu da silinib. Uşağın valideynləri heç bir etiraz etmədən çıxıb gedib. 10 min manat tələb olunur iddiası cəfəngiyyatdır. Uşağın meyiti vəfat etdiyi gün ailəsinə təhvil verilib”, - deyə Baş həkimin müavini bildirib.

Dünyasını dəyişən uşağın atası Ramin Mustafayev isə bildirdi ki, nənə Sona Mustafayeva nəvəsi dünyasını dəyişdiyinə görə emosiyalara qapılaraq klinikanı ittiham edib.

“Uşaq bizə çoxdan təhvil verilib. Artıq dəfn etmişik. Nəvəsi dünyasını dəyişdiyinə görə Sona xanım emosiyalara qapılıb və o cür çıxış edib. Klinikaya 2000-dən çox borcumuz var idi. Onu da siliblər”, - deyə Ramin Mustafayev qeyd edib.

BAKU.WS