SİZİN REKLAM BURADA!
055 213 76 73



Məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub. Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbin qarşısında valideynlər etiraz aksiyası keçiriblər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, narazılığa səbəb məktəbin həyətinə gedən yolların bağlanması, yalnız bir yolun açıq saxlanılmasıdır. Valideynlər həmin açıq qalan yolun təhlükəli olduğunu və əksəriyyətinin evinə uzaq olduğunu bildirib.

“Biz məcbur olub uşaqları avtomobil yolu ilə gətiririk”, - valideynlərdən biri bildirib.

Digər qapıların bağlanması səbəbindən noyabrın 21-də məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub. Azyaşlı canını yüngül xəsarətlə qurtarıb.

Valideynlərin “Report”a verdiyi məlumata görə, bir neçə gün bundan öncəyə qədər təhsil ocağının 4 giriş-çıxış qapısı olub. Onlar bildiriblər ki, direktorun qərarı ilə 3 giriş çıxış qapısı bağlanıb: “Biz valideyn olaraq problemlə bağlı dəfələrlə direktora müraciət etsək də, o, bizə “evinizi dəyişin, məktəbin əsas girişi ilə üzbəüz binadan ev alın” cavabını verib”.

“Report”un əməkdaşları şikayətlə əlaqədar məktəb rəhbərliyindən münasibət öyrənmək istəsə də, direktor müsahibə verməkdən imtina edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcək.

251 nömrəli tam orta məktəbdən isə “Report”a daxil olan yazılı açıqlamada bildirilib ki, məktəbin həyətyanı hasarında ilkin inşaat layihəsinə uyğun olmayan çıxışlar və qırılmış dəmir barmaqlıqlar şagirdlərin təhlükəsizliyi məqsədi ilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bağlanıb: “Hazırda əsas girişdən şagirdlərin girişi-çıxışı normal təmin olunur. Valideynlərin böyük əksəriyyəti şagirdlərin əsas giriş qapısından məktəbə daxil olmasını dəstəkləyir. İki valideyn isə bununla bağlı öz narazılığını bildirib. Onlara məsələnin mahiyyəti izah olunub. Məktəbdə tədris normal şəkildə davam edir”.

BAKU.WS