SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova olub. O, vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Dərələyəz mahalından, o cümlədən Qovuşuq və Ələyəz kəndlərinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən danışıb.

Uşaq vaxtı qonaq olduğu bu kəndlərdə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb, yaşlı və orta nəsil nümayəndələrinin kəndlə bağlı söylədiklərini diqqətə çatdırıb.

“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir”, - deyən M.Hüseynova tarixən ermənilərin maddi-mədəni irsimizə qarşı törətdiyi, soydaşlarımıza qarşı həyata keçirdiyi vandalizm aktlarından da geniş söhbət açıb. Bildirib ki, ermənilər yaşayış məntəqələrimizdəki qoç heykəllərin, qəbirüstü abidələrin üzərinə xaç işarəsi çəkib, alban kilsələrini özününküləşdirməyə çalışıblar.

Qeyd edib ki, ötən əsrin müxtəlif illərində ermənilər Dərələyəzdən azərbaycanlıları sıxışdırıb çıxarıb, onlara məxsus evlərdə xaricdən gətirilən hayları məskunlaşdırıblar. O, ötən əsrin əvvəlində erməni-daşnak silahlı quldur dəstələrinin 199 kəndi yer üzündən sildiyini, həmçinin yeddi yaşlı uşağı ot tayasında diri-diri yandırmaq, əri arvadının gözləri önündə öldürüb doğramaq, evləri talan edib yandırmaq kimi vəhşiliklər törətdiklərini dilə gətirib.

Yaradıcılığından söhbət açan M.Hüseynova deyib ki, şeirlərinin böyük bir hissəsi Dərələyəzlə bağlıdır. O, ruhundan süzülən sətirlərin Vətən həsrəti olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışan professor qeyd edib ki, soydaşlarımız öz tarixi torpaqlarına, ata-baba yurdlarına mütləq qayıdacaqlar. Onun sözlərinə görə, bunun üçün hazırda əsas işlərdən biri Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Bu yaxınlarda Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin əhəmiyyətinə toxunan M.Hüseynova muxtar respublikadakı Qərbi azərbaycanlıların da Vətənə qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb. O, vaxtilə Naxçıvanda məskunlaşan soydaşlarımızla keçirdiyi görüşləri, onların Qərbi Azərbaycana dair xatirələrini dilə gətirib. Bildirib ki, Naxçıvanı o zaman tərk edən ermənilər ağacların dibinə neft töküb, evləri yandırıblar ki, onlardan sonra kimsə bu ərazilərdə yaşamasın. Lakin Dərələyəzdən deportasiya olunaraq Naxçıvanda məskunlaşan soydaşlarımız o kəndləri yenidən abadlaşdırıblar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO