SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

***12.19

Şəhid Orxan Əsgərovun nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına gətirilib.

Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

***11.46

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

BAKU.WS xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

*** 11:17

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

Vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak edir.

***10.41

İrandakı Səfirliyimizə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi evinə gətirilib. 

BAKU.WS xəbər verir ki, hazırda mərhumun Yeni Yasamaldakı evində vida mərasimi keçirilir. 

Orxanın vida mərasiminə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən əklil göndərilib. 

Şəhidimiz bu gün Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

 

Müxbir: Banu Hüseynli, Fotoqraf: Təranə İbrahimova
BAKU.WS
VİDEO