SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gündən başlayaraq əsən güclü külək Bakıda bir çox fəsadlar törədib.

BAKU.WS xəbər verir ki, güclü külək yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Demək olar ki, bir çox ərazilərdə tıxac yaranıb.

Bundan başqa, evlərin, tikililərin, binaların fasadları, damları dağılıb. Ağaclar aşaraq avtomobillərin üzərinə düşüb. Yollarda vətəndaşların hərəkəti çətinləşib.

Güclü külək gözlənildiyi kimi paytaxtda elektrik enerjisinin, təbii qazın verilişində də problemlər yaradıb. Eləcə də, internet istifadəçiləri şikayətlərə başlayıblar.

Bakı Şəhər Yaşıllaşdırma Birliyindən BAKU.WS-ə verilən məlumata görə, indiyə qədər paytaxtda 93 ağac və iri budaq aşıb.

Bakı Şəhər Təcili Tibbi Yardımdan BAKU.WS-ə verilən məlumata görə, paytaxtda güclü külək nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan 5-i kişi, 6-sı qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, noyabrın 10-da müxtəlif saatlarda Su İdman Sarayı - Bibiheybət yolunda hərəkətdə olan 4 yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobillərə maddi ziyan dəyib.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq edib.

Təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

BAKU.WS
VİDEO