Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar və səs yazıları yayılıb.

BAKU.WS xəbər verir ki, həmin səs yazılarında Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilməsi hallarından danışılır.

Səsi yayılan şəxs bildirib ki, uzun saqqallı, sarışın bir kişi məktəblərə daxil olur və azyaşlı uşaqları oğurlamağa çalışır. Bundan başqa, məhlələrə və həyətlərə girərək uşaqları aparmağa çalışır. Hətta bildirilir ki, bu barədə polisə də şikayət edilib.

Valideynləri təşvişə salan bu xəbərlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, “WhatsApp” qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır.

“Tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.

BAKU.WS
VİDEO