“Yüz faiz əminəm, “Qarabağ” mərhələni adlayacaq”
“Qarabağ”ın keçmiş baş məşqçisi, hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdıran Elxan Abdullayev Sports.az saytının suallarını cavablandırıb.
Tanınmış mütəxəssis vaxtilə uğurları üçün çalışdığı klubun Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib.
Abdullayev Çexiya çempionu “Viktoriya” ilə Plzendə keçiriləcək cavab görüşündə Azərbaycan təmsilçisinin üstün tərəflərinin daha çox olduğunu söyləyib.
- “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya”ya qarşı Bakıda keçirdiyi oyun sizdə necə təəssürat yaratdı?
- Açığı, “Viktoriya” xoşuma gəldi. Çox təhlükəli komandadır. “Qarabağ”ın əvvəlki mərhələlərdə qarşılaşdığı rəqiblərlə müqayisədə çexlər daha intizamlıdırlar. Müdafiə xətti çox yaxşıdır. Fiziki cəhətdən də güclü görünürdülər. Onlar Bakıya qol buraxmamaq üçün gəlmişdilər. Amma Çexiyadakı qarşılaşma başqa cür olacaq. Çünki onlar da qələbə qazanmaq üçün qol vurmalıdırlar. Düşünürəm ki, Plzendə fərqli mübarizə izləyəcəyik. Yəqin ki, “Viktoriya” bu dəfə hücumda daha aqressiv olacaq. Müdafiə xətlərini keçmək isə çox çətindir. Rəqibə elə çox şans vermirlər. Düzdür, Bakıdakı matçda qol imkanlarımız oldu. Amma yenə də “Viktoriya” əvvəlkilərdən yaxşı rəqibdir.
- Rəqib Bakıda yaradıcı oyun sərgiləmədi, yalnız cinah asmalarına və standart vəziyyətlərə bel bağladı. Bu amili “Qarabağ” üçün üstünlük saymaq olar?
- Top nə qədər “Qarabağ”da çox qalsa, təmsilçimiz üçün o qədər yaxşıdır. Ancaq top itkiləri böyük təhlükə deməkdir. Çünki onlar uzun ötürmələrlə irəliləyirlər. Fiziki cəhətdən güclü, sürətlidirlər. Yaxşı texnikaya malik oyunçuları var. Bəli, Bakıdakı görüşdə hücumda yaradıcı nəsə göstərmədilər. Amma bu o demək deyil ki, bunu evdə etməyəcəklər. Nəzərə alaq ki, bu dəfə doğma azarkeşləri önündə oynayacaqlar. Aqressiv oynayıb, qol vurmağa çalışacaqlar. Yəqin ki, yenə əsas diqqətlərini müdafiəyə yönəldəcəklər ki, top buraxmasınlar. Kornerdən, standart vəziyyətdən hər an istifadə etməyi bacaran komandadır. Bir sözlə, göydə onlar, yerdə biz yaxşıyıq. Bu üzdən üstünlüyü “ikinci mərtəbə”yə verəcəklər. Çalışmaq lazımdır ki, meydançanın bizə aid hissəsində standart vəziyyətlər, kornerlər mümkün qədər az olsun.
- Çexiyalı futbolçular Bakının istisindən çox şikayətləndilər. Bürkünün matça təsiri nə qədər oldu?
- Bu, bəhanədir. Hər iki komanda üçün eyni hava şəraiti idi. Onlara isti idi, “Qarabağ”a soyuq? Düzdür, onlar bu iqlimə öyrəşməyiblər. Ancaq fiziki cəhətdən güclü olan komanda üçün iqlim faktoru böyük rol oynamır. Əksinə, topla oynayan yaradıcı komandaya daha çox təsir edir. Heç çexlərdə yorğunluq görmədim. Doğrudur, Çexiyada hava durumu futbol oynamaq üçün daha uyğun olacaq.
- Əlverişli hava şəraiti “Qarabağ”ın da daha yaxşı oynamasına xidmət edəcək?
- Əlbəttə. “Viktoriya” Bakıda qələbə qazansaydı, Bakının istisini heç bəhanə etməyəcəkdi. Burada qələbə qazanan komanda heç vaxt istidən şikayətlənmir.
- Cavab oyunundan necə mübarizə gözləyirsiniz?
- Analiz eləsək, “Qarabağ” onlardan qat-qat texnikalı kollektivdir. Topu saxlayır, onunla yaxşı davranır, futbolçular bir-birini başa düşürlər. Bu cütdə üstünlüyü “Qarabağ”a verirəm. Bircə təkbətək mübarizələrdə rəqibə uduzmayaq.
- Bundan ötrü daha çox nələrə diqqət eləmək lazım gələcək?
- Standart vəziyyətlərə. Qapımıza yaxın yerlərdə rəqibə cərimə zərbəsi verməyək, mümkün qədər az korner olsun. “Qarabağ” qol vuracaq, yetər ki, buraxmasın, öz oyununu oynasın, üstünlüyü, topa nəzarəti rəqibə verməsin.
- Yəni “Qarabağ”ın Çempionlar Liqasına çıxmaq şansını daha çox görürsünüz?
- Əvvəla, azərbaycanlı kimi, hamımız “Qarabağ”ın mərhələ adlamasını istəyirik. İkincisi, “Qarabağ” bu rəqibdən heç də zəif deyil. Əksinə, istər komanda oyununa, istərsə də futbolçuların fərdi keyfiyyətlərinə görə biz daha üstünük. “Viktoriya”nın əsas üstünlüyü azarkeşlərdir ki, o da “Qarabağ” üçün problem deyil. Çempionumuz səfərdə daha güclü oynayır və gözəl nəticələr göstərir.
Mən “Qarabağ”ı Çempionlar Liqasının qrupunda görürəm. Yüz faiz əminəm ki, “Qarabağ” Plzendə qol və ya qollar vuracaq və mərhələni adlayacaq. Qurban Qurbanova və komandanın hər bir üzvünə uğurlar arzulayıram!
Oxşar xəbərlər
"Qarabağ"ın qapıçısı: "Əlimizdən gələni edəcəyik ki, hər həftə Bakıda bu himn çalınsın" - MÜSAHİBƏ
Azərbaycanın futbol millisinin və "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev "Viktoriya" ilə keçirilən UEFA Çempionlar Liqasının pley-offoyundan danış...