Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib
İdman 34

Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner və digər rəsmi şəxslər iştirak ediblər.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu idmançılara uğurlar arzulayıb və EJU-ya göstərdikləri etimada görə təşəkkür edib: "Bu turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cüdo Federasiyası olaraq regionlarda cüdonun kütləviləşdirilməsi və idman infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü addımlar atırıq. Turnirin regionlarda təşkili, eyni zamanda, cənab Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasına uyğundur".

Gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, bu həftə ölkədə üç beynəlxalq yarışın baş tutduğunu xatırladıb: "Bütün iştirakçılara uğurlar arzulayıb. Güclü qalib gəlsin".

Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner EJU-nun prezidenti Laslo Totun salamlarını çatdırıb:

"Bütün cüdo ailəsi adından Azərbaycan Cüdo Federasiyasına bu yarışı təşkil etdikləri üçün dərin təşəkkürümü bildirirəm. Qubadakı Avropa Kuboku əhatə coğrafiyası və yeniyetmə idmançıların inkişafı baxımından çox vacib əhəmiyyət daşıyır. Əminəm ki, bir neçə ildən sonra bu idmançılardan bəzilərini Avropa və dünya çempionatlarının qaliblər kürsüsündə görəcəyik. Quba Avropa Kuboku 2025-i açıq elan etdiyim üçün qürur duyuram".

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mayın 4-də başa çatacaq yarışda Azərbaycanı 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

Son xəbərlər