"Qarabağ"ın oyununa qalmaqallı baş hakim - Turpin qırmızı kart göstərməyə çox meyillidir

Qarabağın oyununa qalmaqallı baş hakim - Turpin qırmızı kart göstərməyə çox meyillidir
Araşdırma
İdman 66

Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu FIFA referisi Klement Turpin idarə edəcək. Futbol meydanlarında adı qalmaqalla hallanan Klement Turpin kimdir? Hansı oyunları idarə edib?

Klement Turpin fransalı tanınmış futbol hakimidir və 1982-ci il mayın 16-da anadan olub. Hakimlik karyerasına 2006–2007-ci illərdə Fransa milli liqasında başlayıb. 2008-ci ildən Fransa çempionatının əsas liqası olan Ligue 1-də oyunlar idarə edib. 2010-cu ildə FIFA tərəfindən beynəlxalq hakim statusu alıb və 2012-ci ildən UEFA-nın Elit qrupuna daxil edilib.

BAKU.WS-in araşdırmasına görə, o, bir çox nüfuzlu turnirlərdə oyunları idarə edib. Avropa çempionatlarında (2016, 2020, 2024) iştirak edib, Avro 2024-ün açılış oyununu və Niderland – Türkiyə 1\4 final oyununu idarə edib. Turpin həmçinin 2018 və 2022-ci illərdə FIFA Dünya Çempionatında matçlara hakimlik edib. Onun ən böyük uğurlarından biri 2021-ci ildə UEFA Avropa Liqası Finalı ("Villarreal" – "Manchester United") və 2022-ci ildə UEFA Çempionlar Liqası Finalı ("Real" Madrid – "Liverpul)" matçlarını idarə etməsidir.

Turpin karyerasında həm yüksək etimad qazanan oyunlara təyinat alıb, həm də qalmaqallı matçları ilə gündəmə gəlib. Onun idarə etdiyi "Barselona" – "Inter" Milan oyunu İspaniyada böyük rezonans doğurub. "Barselona" tərəfdarları Turpini "kabus hakim" adlandırıb, bəzi media orqanları isə onun "Real" Madrid üçün uğurlu hakim olduğunu iddia edib.

Avro 2024-ün açılış oyununda (Almaniya – Şotlandiya) ümumi idarəetməsi müsbət qiymətləndirilsə də, bəzi epizodlarda diqqətinin azalması qeyd edilib. Niderland – Türkiyə qarşılaşmasında da oxşar iradlar bildirilib. 2021-ci ildə "Villarreal" – "Manchester United" oyunu isə Turpinin ən sərt idarə etdiyi matçlardan biri kimi tarixə düşüb. Həmin mövsümdə son üç oyunda ümumilikdə 7 qırmızı kart göstərib.

2022-ci ildə "Real" Madrid – "Liverpul" finalında ciddi qalmaqal yaşanmasa da, bu oyun onun karyerasının zirvəsi hesab olunur. Ümumiyyətlə, Klement Turpin həm sabit və etibarlı hakim kimi tanınır, həm də bəzi yüksək emosional oyunlarda qalmaqallarla yadda qalıb.

Son xəbərlər