Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu"

Oyan Nəzəriani: Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu
İdman 12

Bakıda keçirilən çimərlik güləşi üzrə U-17 dünya çempionatında Azərbaycanın qadınlardan ibarət seçmə komandası tarixində ilk dəfə komanda hesabında birinciliyi əldə edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan millisinin çalışdırıcısı Oyan Nəzəriani bildirib.

O, idmançıların hər birinin yarışa yüksək əhval-ruhiyyədə hazırlaşdırıldığını diqqətə çatdırıb:

"Qadınlar komanda hesabında çimərlik güləşi tarixində ilk dəfə dünya çempionluğuna sahib çıxdılar. Oğlanlardan ibarət komanda da 2 qızıl və 2 bürünc medalla ikinci pillədə qərarlaşdı. Birinci yeri tutan İran seçməsi ilə eyni – 85 xal toplansa da, yalnız əlavə göstəricilərə görə geridə qaldıq".

Məşqçi yarışın nəticələrinin gələcək turnirlər üçün göstərici olduğunu vurğulayıb:

"Heyətdə böyük dəyişiklik olmasa, komandanı bu çempionatın yekunlarına əsasən müəyyənləşdirəcəyik. Yalnız bir çəki dərəcəsində medalsız qaldıq, həmin çəki ilə bağlı yaxın vaxtda qərar verəcəyik".

O. Nəzəriani növbəti sınaq olan Dünya seriyasının dördüncü mərhələsinə də toxunub:

"Beş mərhələdən ibarət turnirin növbəti yarışı Bakıda təşkil olunacaq. Qadın güləşçilər də ilk dəfə bu seriyada mübarizə aparacaqlar. Oğlanlardan 90 kq çəkidə Əşrəf Aşurov reytinq siyahısında birinci, 80 kq çəkidə Sahib Dadaşov ikinci, Vüsal Əliyev isə üçüncü pillədədir. Məqsəd mövqeləri daha da möhkəmləndirməkdir".

Xatırladaq ki, Azərbaycanın U-17 millisi dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medal qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər