Güləşçimiz Avropa çempionatının yarımfinalında
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
BAKU.WS xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
60 kq çəki dərəcəsində Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisi Yakopo Sandrona qalib gəlib. Ancaq o, 1/4 finalda məğlubiyyətdən qaça bilməyib.
67 kq-da İslambek Dadov təsnifat mərhələsində macar həmkarı Kristian İştvan Vança ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.
72 kq çəkidə mübarizə aparan Ülvi Qənizadə Avropa çempionatına bolqar rəqibi Stoyan Stoyçev Jubatov üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb - 0:8.
82 kq-da yarışan Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib - 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb.
97 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə ilk görüşdə polşalı rəqibi Tadeuş Mixalikə 0:9 hesabı ilə uduzub. Mixalik növbəti mərhələdə məğlub olduğundan Nuriyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını itirib.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan Sənan Süleymanov finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək. 55 kq-da Eldəniz Əzizli və 87 kq-dakı İslam Abbasov bürünc medal uğrunda görüşə çıxacaqlar. Onların rəqibləri təsəlliverici görüşlərdən sonra bəlli olacaq. Sabah Şəriəti (130 kq) zədə səbəbindən təsəlliverici görüşlərə qatılmayıb və medal şansını itirib. Taleh Məmmədov isə (63 kq) təsəlliverici qarşılaşmada Macarıstan idmançısı Erik Torbaya 3:9 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub
Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb. BAKU.WS-in məlumatına görə, 77 kq çəki dərəcəsində müba...