Belal Muhammad: "Bakıdaki döyüş gecəsində İqnasio Baxamondesi dəstəkləyəcəyəm"

Belal Muhammad: Bakıdaki döyüş gecəsində İqnasio Baxamondesi dəstəkləyəcəyəm
İdman 49

"Mən Bakıdakı döyüş gecəsində İqnasio Baxamondesi (Fiziyevin rəqibi) dəstəkləyəcəyəm. Onun küncündə (məşqçilər heyətinin tərkibində - red.) də olacağam".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin ulduz qonağı, keçmiş yarımorta çəki üzrə çempion, amerikalı döyüşçü Belal Muhammad Bakıda təşkil olunan brifinqdə deyib.

O bildirib ki, İqnasio ilə son səkkiz ildir ki, bir yerdə məşq edirlər:

"Ondan əlavə, Camal Hill də Çikaqodandır, mən də o şəhərdən olduğum üçün onu da dəstəkləyəcəyəm. İqnasio azərbaycanlı idmançıya qarşı döyüşəcək, əslində, hər ikisinin döyüş üslubunu bəyənirəm. İkisi də ayaq üstə döyüşməyə üstünlük verir. Çox əla bir döyüş olacaq. Sadəcə, İqnasionun komanda yoldaşı olduğum üçün onu dəstəkləyəcəyəm".

Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də "Baku Crystall Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Son xəbərlər