Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib
İdman 82

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Frayburq” qarşılaşmasının baş hakimi Aleksey Kulbakov daha əvvəl də Azərbaycan təmsilçilərinin oyunlarına təyinat alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, belaruslu referi ilk olaraq 2011-ci ilin avqustun 10-da "Dalğa Arena"da keçirilən Azərbaycan - Makedoniya yoldaşlıq görüşünü idarə edib. Həmin matçda Qoran Pandevin 58-ci dəqiqədə vurduğu qol makedonlara qələbə qazandırıb, Kulbakov isə Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərib.

FIFA dərəcəli hakim daha əvvəl “Qarabağ”ın da oyununda əsas söz sahibi olub. O, 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində ağdamlıların Milanda "İnter"lə matçını (2:0) idarə edib. Kulbakov "İnter"dən Xuan Xesus və Qari Medeli, "Qarabağ"dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.

Belaruslunun Azərbaycan təmsilçilərinin iştirakı ilə sonuncu idarə etdiyi qarşılaşma isə 2016-cı il avqustun 18-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qəbələ” – “Maribor” (Sloveniya) matçı olub. Mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” (Almaniya) matçı noyabrın 3-də saat 21:45-də start götürəcək.

Son xəbərlər