Azərbaycanın beş boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb.
Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.
Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O'Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.
Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçu ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.
Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcəklər.
Oxşar xəbərlər
Messi yenə "Qızıl buts" qazandı
MLS-in (ABŞ Peşəkar Futbol Liqası) pley-off mərhələsinin 1/8 finalı ərəfəsində "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi mövsümün ən məhsuldar oyunçusu ki...