Azərbaycanda bu federasiyada qazaxıstanlı idman direktoru təyin olundu

Azərbaycanda bu federasiyada qazaxıstanlı idman direktoru təyin olundu
İdman 48

Azərbaycan Velosiped İdmanı Federasiyasında idman direktoru vəzifəsinə qazaxıstanlı Vladimir Buşanski təyinat alıb.

Bu barədə qurumdan məlumat verilib.

İcraiyyə Komitəsinin növbəti iclasında tədbiri giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları toplatının gündəliyi ilə tanış edib.

Sonra o, federasiyanın idman direktoru vəzifəsinə dəvət olunmuş qazaxıstanlı Vladimir Buşanskini İcraiyyə Komitəsinin üzvlərinə təqdim edib. Zaur Axundov mütəxəssisə ölkədə uğurlu fəaliyyət göstərməsi üçün ona lazımi dəstəyin veriləcəyini vurğulayıb.

Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov İcraiyyə Komitəsinin ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər və keçirilmiş çoxsaylı tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

O, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin 2 şəhər və 8 rayonunda velosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davam etdiriləcəyini bildirib.

"Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı"nın Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı il üçün təqvim planına daxil edildiyini vurğulayan Sahib Ələkbərov 2.1 kateqoriyalı bu yarışın gələn ilin 10-14 may tarixlərində keçiriləcəyini və 5 mərhələdən ibarət olacağını deyib. İcraiyyə Komitəsinin üzvləri yarışın nəzərdə tutulan marşrutları ilə tanış edilib, onlara görülməsi vacib olan işlər barədə ətraflı məlumat verilib.

Federasiya prezidenti Zaur Axundov yarışın Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Sahib Ələkbərovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.

AzVİF-nin icraçı vitse-prezidenti Fikrət Hüseynov Respublika Velotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda federasiyanın yeni rəsmi internet saytı da təqdim olunub, onun dizaynı, funksionallığı və strukturu barədə məlumat verilib.

Son xəbərlər