Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"yə qalib gəldi

Azərbaycan Premyer Liqası: Qəbələ Keşləyə qalib gəldi
İdman 84

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, açılış oyununda "Qəbələ" komandası "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş kifayət qədər maraqlı alınıb. Matç ümumilikdə yerli komandanın üstünlüyü şəraitində keçib.

Artıq 11-ci dəqiqədə "Qəbələ"nin toqolu yarımmüdafiəçisi Yaovi Akakpo cinah ötürməsini gözəl zərbə ilə tamamlayıb. 30-cu dəqiqədə meydan sahibləri növbəti qolunu vurub. Bu dəfə Rafael Utziq çoxgedişli kombinasiyanı məntiqi sonluğa çatdırıb.

"Keşlə" təsəlli qolunu 76-cı dəqiqədə vurub. Anatole Abanq uzaqdan gözəl zərbə ilə fərqlənib və qolunu oyunu stadiondan canlı izləyən azərbaycanlı həyat yoldaşı Adelya Hacıyevaya həsr edib.

Oyunun uzatma dəqiqələrində qonaq komandanın müdafiəçisi Şəhriyar Əliyev referi ilə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.

Beləliklə, "Qəbələ" mövsümdə ilk qələbəsini qazanaraq, xallarını 4-ə çatdırıb və liderliyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Keşlə" isə sonuncu pillədə qalıb. Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov bu dəfə keçmiş komandası ilə qarşılaşmada məyus olub.

Qeyd edək ki, günün digər oyunu saat 20:00-da başlanacaq. "Kapital Bank Arena"da "Sumqayıt" xalı olmayan daha bir komanda "Sabah"ı qəbul edəcək. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" görüşləri ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Son xəbərlər