Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatının seçmə mərhələsini dəyərləndirib

17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Albaniyanın Elbasan şəhərində təşkil olunan Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib.
BAKU.WS xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın rəsmi saytına fikirlərini bildirib.
O, əvvəlcə B Liqasının VI qrupunda meydan sahibi Albaniya yığmasına (1:4) qarşı keçirilmiş ilk oyunu qiymətləndirib:
"Turnirə yaxşı hazırlaşmışdıq. Hər iki rəqib güclü idi. İlk oyunumuz meydan sahibi Albaniya yığmasına qarşı oldu. Standart vəziyyətdən erkən qol buraxdıq. Matçın startında uşaqlarda həyəcan hiss olunurdu. Hissənin sonlarına yaxın oyunu bərabərləşdirdik. İkinci hissəyə ön xətdə pressinqlə başladıq və bunun bəhrəsini gördük. Bərabərlik qolundan sonra irəlidə təzyiqi davam etdirmək istədik. Ancaq qısa müddətdə qapımızda ikinci qolu buraxdıq. Bundan sonra hücuma atılsaq da, rəqib əks-hücumlarla daha iki dəfə fərqləndi".
İlham Yadullayev U-17-nin Uels ilə heç-heçə etdiyi (0:0) qarşılaşmada daha inamlı oyun sərgilədiyini deyib:
"Albaniya texniki cəhətdən yaxşı komanda idisə, Uels fiziki və taktiki cəhətdən güclü görünürdü. Bərabər səviyyədə mübarizə getdi. Birinci hissədə qapımıza təyin edilən penaltini qapıçımız dəf etdi. Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı. Qol vurmaq üçün imkanlarımız oldu. Elə mübarizə getdi ki, hər iki komanda qalib gələ bilərdi. Uşaqlarda həyəcan olmadığından, bu dəfə daha rahat çıxış etdilər. İki oyunda 1 xal toplamağımıza görə təəssüflənirəm. Ancaq gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Oxşar xəbərlər
Şahin Diniyev: "İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır"
"Biz birinci növbədə gücümüzün aşağı səviyyədə olduğunu qəbul etməliyik". Bunu Oxu.Az-a açıqlamasında "Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev Azərbay...
