Açıqlamasına görə AFFA tərəfindən cəzalandırılan futbolçu: "Hər kəs məni qınaya bilər"

Açıqlamasına görə AFFA tərəfindən cəzalandırılan futbolçu: Hər kəs məni qınaya bilər
İdman 51

AFFA İntizam Komitəsi tərəfindən verdiyi açıqlamaya görə cəza alan "Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev onu hər kəsin qınaya biləcəyini söyləyib.

BAKU.WS xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə "Report"a açıqlama verib.

Oyunçu bu məsələyə görə cəza almasının onun üçün pis olduğunu söyləyib:

"Bu cür olmasını istəməzdim. Hazırda hər kəs məni qınaya bilər. Bəlkə başa düşənlər də olacaq. "Kəpəz"lə oyunda sarı vərəqə almağımın sadəcə strateji qərar olduğunu bildirmişdim. Bu, qadağan imiş. İlk dəfə belə halla üzləşdiyim üçün mənə dərs oldu. Nəsə danışsam da, artıq qərar verilib. Təbii ki, bunun dəyişdirilməsini, məsələyə yenidən baxılmasını istəyərəm. Elə bir açıqlama verməyim düzgün deyildi. Klubun cəza almağımdan xəbəri var. Mümkün nəsə olsa, məlumat veriləcək".

V.Abdullayev Yevlax təmsilçisinin cari mövsümdəki nəticələrinə və komandanın Misli Premyer Liqasında 5 xalla sonuncu pillədə yer almasına da toxunub:

"Çıxışımız ürəkaçan deyil. Qərarlaşdığımız mövqe də bunu göstərir. İndi hər qarşılaşmaya dönüş nöqtəsi kimi baxırıq. Bu vəziyyətdən tez çıxmaq istəyirik. Problemlərdən danışmaqdan çox, komandada konsentrasiya olmalıdır. Bu durumdan çıxış yolunu tapmalıyıq. Əsas çatışmayan nüans sabitlikdir. Artıq bizim üçün yeni dönəm başlayır. Daha yaxşı komanda görəcəyimizə inanıram".

O, "Karvan-Yevlax"ın baş məşqçi Azər Həşimovla yollarını ayırmasına da toxunub:

"Bu, klubun verdiyi qərardır. Futbolda belə halları hamımız yaşayırıq. Yeni baş məşqçimiz Füzuli Məmmədov haqqında həmişə xoş sözlər eşitmişəm. Onunla ilk dəfə işləyəcəyəm. Xarakterində, işə yanaşmasında çox oxşar cəhətlərimiz var. Bu da məni sevindirir. Məşq zamanı hər şeyin ən yaxşısını etmək üçün çalışır. Çox çalışqan insandır. Biz futbolçular bu enerjini oyunumuzla qaytarmalıyıq. Oyunçular da baş məşqçiyə güvənir. Yeni dönəmimizin yaxşı olacağına inanıram".

Qeyd edək ki, Vadim Abdullayev Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə uduzduqları oyundan (1:2) sonra verdiyi açıqlamaya görə 1 oyunluq diskvalifikasiya olunub. AFFA İntizam Komitəsi (İK) futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama səbəbindən cəza tətbiq edib. Vadim Abdullayev sözügedən görüşdə sarı vərəqə aldığı üçün XIII turda "Qarabağ"la oyunda cəzalı duruma düşüb. O, İK-nın qərarına əsasən, XIV turun qarşılaşmasını da buraxmalı olacaq.

Son xəbərlər