SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi:

- Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və uzunmüddətli danışıqlardan sonra imzaladığınız müqavilədən danışaq.

- Koronavirus təyinatın gecikməsinin əsas səbəbi idi. Dünyada hər şey dayanmışdı və danışıqlarımız da dondurulmuşdu. Buna görə yubanma ilə olsa da, təyinat reallaşdı. AFFA ilə ilk görüşümüz 6 il öncə Parisdə olmuşdu. O vaxtdan mən rəhbərliyi tanıyırdım. Sonra yenidən danışdıq və təyinat reallaşdı. 

- 6 il öncə niyə təyinat baş tutmadı?

- Həmin vaxt mən Albaniya yığmasını çalışdırırdım. Parisdə görüşəndən sonra aramızda yaxşı münasibət yarandı. Lakin o vaxt müqaviləm var idi. 

- Nikola Yurçeviçin istefasından sonra milli üçün namizədlər açıqlanandan ən real namizəd olaraq Canni De Byazi göstərilirdi. Sizcə, bunun səbəbi nə idi? Albaniya millisindəki uğurunuzu əsas səbəb kimi göstərmək olar?

- Başqalarının necə düşündüyünü bilmərəm. Lakin kim məni dəstəkləyibsə, deməli, yaxşı zövqü olub. Onlara təşəkkür edirəm. 

- Qısa müddətli hazırlıqdan sonra Lüksemburqla evdə ilk oyununuza çıxdınız və komanda zəif çıxışla meydandan məğlub ayrıldı. Həmin qarşılaşmanı necə şərh edərdiniz?

- Lüksemburq balaca ölkə olsa da, FİFA reytinqində Azərbaycanı üstələyirlər. 6 ildir ki, birlikdə çıxış edən komandaya sahibdirlər. Monteneqroya qarşı matçda da yaxşı oyun göstərdilər. Əvvəlcədən demişdim ki, qrupda ən çətin rəqiblərimizdən biri Lüksemburqdur. Təəssüf ki, vaxtımız çox az idi. Ən optimist insan deyə bilməzdi ki, bu qədər qısa vaxtda daha yaxşı oyun göstərərik. Matçda da 10 nəfərlə qaldıq və 11 futbolçu axıra kimi çıxış etsəydi, başqa nəticə də ola bilərdi. 10 nəfərlə qalanda belə qol vurduq. Lakin hazırda mövsümün əvvəlidir, fiziki durum yerində deyil. 

- Mahir Emreli lazımsız qırmızı vərəqə aldı, onunla hər hansı söhbət olundumu?

- Qırmızı vərəqədən sonra taktiki olaraq başqa futbol göstərməyə başladıq. İki hücumçu ilə oynamalı olduğumuz qarşılaşmada bir forvardla qaldıq. Bu da risk demək idi. Sonradan da iki böyük səhv etdik. Bu gün də nəticəyə görə narahatıq. 

- Üstündən 3 gün keçmişdi ki, Kipr üzərində yaxşı oyunla qələbə qazandınız. Bu qısa müddətdə nə dəyişdi?

- Öncə onu deyim ki, meydanda 2 fərqli futbolçu var idi və fərqli taktika ilə başladıq. Yavaş-yavaş bir-birimizi daha yaxşı tanımağa başladıq. Zaman keçdikcə hər şey daha yaxşı olacaq. 

- Matçın ən çox müzakirə olunan futbolçusu Rəhim Sadıqov idi. Onu qarşılaşmanın qəhrəmanı adlandırmaq olar?

- Fikrimcə, tək o deyil, bütün futbolçular qəhrəman idi. Biz həm müdafiədə, həm hücumda yaxşı oynadıq. Matçın ilk hissəsində xüsusilə epizodlar yaratdıq. Lakin ikinci yarıda yenə fiziki yorğunluq öz sözünü dedi. Bu da normaldır. Fiziki zəiflik olanda dəqiqlik də aşağı olur, epizodlar da az olur. Çempionat matçları artdıqca bu problemlərin də aradan qalxacağını düşünürəm. 

- İlk heyəti necə seçdiniz? Çempionatın ilk turuna baxaraq, yoxsa millinin əvvəlki heyətlərindən?

- Azərbaycanda artıq futbolçuların qohumlarını da tanıyıram. Yığmanın son illərdə keçirdiyi matçların hamısını izləmişəm. Bütün oyunçulara bələdəm, sadəcə onların xarakterinin necə olduğunu bilmirəm. Çünki videoda fiziki və texniki keyfiyyətləri görürsən, amma xarakteri müəyyən etmək olmur. Kimin nə qədər istəkli olduğunu bilmirəm. Qalib gəlmək istəyi olanlara üstünlük verməyə çalışıram. 

- Bakıya ilk dəfə nə zaman gəlmisiniz?

- Bakını çox yaxşı tanıyırdım. 5-6 il öncə paytaxta gəlmişdim. Albaniya yığmasında işləyərkən “Qarabağ”da çıxış etmiş Admir Teli və Ansi Aqolli ilə danışmaq üçün Azərbaycana gəlmişdim. Aqollini yaxşı tanıyırdım və komandama müdafiəçi lazım idi. Dediyim kimi mən futbolçuların təkcə meydandakı oyununa deyil, xarakterinə də bələd olmalıyam, beynində nələr düşündüyünü bilməliyəm. Həmin vaxt Bakı məni çox təəccübləndirmişdi. Adətən harasa gedəndə internetdə o yerlər haqqında məlumat toplayıram. Bakıya gələndə isə baxmamışdım. Gəlib gördüm ki, “Flame Towers” və başqa gözəl yerlər var. İçərişəhəri çox bəyəndim, əla yerdir. 6 ildən sonra görəndə yenə təəccübləndim. Bakı getdikcə dəyişir və yeni hava limanından bunu hiss elədim. 

- Azərbaycan yığmasına təyin olunanda demişdiniz ki, İtaliyada da təkliflərim var idi. Böyük futbol ölkəsini qoyub niyə məhz uğurun çətin olacağı bir millini seçdiniz?

- Mən sonuncu dəfə İtaliyada 2010-cu ildə “Udineze”də çalışmışam. Hazırda “Qarabağ”da oynayan Xayme Romero də həmin vaxt mənim komandamda idi və cəmi 20 yaşı var idi. Ondan sonra özümə söz verdim ki, bir də İtaliyada çalışmayacam. Çünki məşqçi işi üçün qiymət çox azdır orada. İşləyirsən, amma qiymət qoyulmur. Özümü sınamaq üçün Albaniyaya getdim. Xahiş elədim ki, mən sıfırdan komanda yaradım. Federasiya mənə hər cür dəstək oldu və kiçik də olsa, uğur qazandıq. 

- Albaniya ilə Azərbaycanı müqayisə etsək, fərqli şeylər görəcəyik. Sizin uğur qazandığınız Albaniya yığmasının futbolçuları Avropanın müxtəlif çempionatlarında oynayırdı. Amma burada vəziyyət o cür deyil.

- Öncə bizə vaxt lazımdır. Gənc futbolçuların mentaliteti ilə işləmək lazımdır. Amma infrastruktura baxsaq, Albaniyadan çox öndəyik. Orada son illərdə stadionlar tikilib, o da Fransada qazandığımız uğura görə idi. Uğur üçün bizə zaman lazımdır. 2012-ci ildən 2014-cü ilə qədər seçmə mərhələlərdə 4-cü yeri tuturduq. Lakin Albaniya Futbol Federasiyasının prezidenti mənə vaxt verdi və bəhrəsini gördük. 

- Sizin “Udineze”də olduğunuz dönəmlərdə komandada iki futbolçu var idi ki, onlar hazırda Azərbaycanda çıxış edir. Biri bayaq dediyiniz Xayme Romero, digəri isə “Sabah”ın üzvü Nikola Vuyadinoviç. Bu oyunçuları necə xatırlayırsız?

- Xayme Romero yadımdadır, amma o biri oyunçunu xatırlamıram. Xayme çox gənc idi və ondan çox şey gözlənilirdi. İstedadlı futbolçudur. Avropada gənclərə çox təzyiq olur və bu da normaldır. Lakin həmin vaxt komandanın hücum xəttində - Di Natale, Flore Flores və başqa güclü oyunçular var idi. Rəqabət aparmaq üçün çox gənc idi. 

- 6 il öncə Bakıya gələrkən Qurban Qurbanovla görüşdünüzmü?

- Yox, görüşməmişdim. Hava limanında məni hansısa “Qarabağ”ın işçisi qarşıladı və 2 gün qalıb qayıtdım. “Qarabağ”ın bir matçını izlədim. 

- Ansi Aqollinin ona Azərbaycan yığmasında köməkçi olacağını deyirdilər.

- Aqolli ilə əla münasibətlərim var və o mənim oğlum kimidir. Lakin bilirdim ki, “Nyu-York Kosmos”da daha bir il çıxış etmək istəyir. Lakin AFFA ilə razılığa gələndən sonra mənə dedi ki, çox istəyərdim ki, sizinlə Azərbaycan yığmasında çalışım. Aqolli Azərbaycan futbolunu yaxşı bilir və bu mənə çox kömək edərdi. Gələcəkdə bu mümkündür. Ansi bizimlə işləsə, çox sevinərəm. 

- Lüksemburqla matçdan öncə keçirilən mətbuat konfransında bildirdiz ki, azərbaycanlı futbolçuların mentalitetini dəyişmək lazımdır. Bunu deyərkən nəyi nəzərdə tuturdunuz?

- Çox ağır işdir. İnsanların gündəlik yaşayış tərzini nəzərdə tuturam. Bu, çətin işdir və günü-gündən buna nəzarət etmək lazımdır. Klubda bu işi görmək çox rahatdır, çünki hər gün futbolçularla ünsiyyətdə olursan. Amma millidə mən onları ayda bir dəfə görəcəm. Mənim işim odur ki, klubların ən yaxşı oyunçularını bir yerə toplamalıyam. 

- Uşaq futbolu sizin üçün nə qədər önəmli olacaq?

- Çox vacib bir məsələdir. Bütün aşağı yaş qruplarında olan millilərlə işləyəcəyik. Federasiya yeni layihə hazırlayıb. Hələ ki, onlarla maraqlanmağa vaxt olmayıb. Yalnız U-21 millinin oyununu izləmişəm və baş məşqçi Milan Obradoviçlə görüşmüşəm. Müzakirələrimiz daimi olacaq. 

- Azərbaycan çempionatı Avropanın ən zəif liqalarından biridir. Sizə kənardan necə görünürdü?

- Texniki olaraq pis deyil. Albaniya ilə müqayisədə yaxşıdır. İlk olaraq “Qəbələ” – “Sabah” matçını izlədim və yaxşı təsir oyatdı. Mənim üçün əsas məsələ intensivlik və fiziki hazırlıqdır. Kiprdə biz 60 dəqiqə futbol oynadıq. Bu da fizikanın üst səviyyədə olmaması ilə bağlıdır. Çoxlu hücumlarımız olmalıdır, müdafiədə oturmamalıyıq. 

- Bizim futbolumuzun ən yaralı yeri azarkeşdir. Beynəlxalq matçları çıxsaq, stadionlara tərəfdar gəlmir.

- Vacibdir ki, milli oyunlarında pandemiya bitsin. Açığı, mən hələ qapalı matçlara baxmışam. 6 il bundan qabaq “Qarabağ”ın matçını izləyəndə görmüşdüm ki, stadionda yalnız topdaşıyan uşaqlar var idi (gülür). Çempionat matçı idi. 

- Klubların baş məşqçiləri ilə hər hansı görüşlər gözlənilirmi?

- Onların məşqlərinə gedəndə danışırıq. Qurban Qurbanovla “Qarabağ”ın məşqində görüşdük, salamlaşdıq. Qurbanovla danışmışam. “Sabah”ın çalışdırıcısı Viktor Qomeslə də söhbət etdik. Onunla söhbətləşmək asan idi, çünki ispan dilində danışdıq. Onları çox narahat etmirəm, amma daim əlaqədə olacağıq. 

- “Neftçi”nin sabiq baş məşqçisi də italyan olub. Roberto Bordinlə hər hansı münasibətiniz varmı?

- Mən yox, amma bir köməkçim onunla danışıb. Müəyyən informasiyalar almışıq. Lakin düşüncəm belədir ki, hər insanın öz baxışı var. Ola bilər ki, burda işləyən hər hansı məşqçi neqativ şeylərlə qarşılaşıb, onda karyera alınmayıb. Mən onun baxdığı şeylərə fərqli baxa bilərəm. Neytral olmaq daha yaxşıdır. 

- Berti Foqts millidə çalışarkən ölkəmizdə yaşamırdı, Prosineçki isə ailəsi ilə burda qalırdı. Siz necə edəcəksiz?

- Ailəmi bura gətirməyəcəm. Qızım həkimdir və İtaliyada çalışır. Onun 28 yaşı var və Padova xəstəxanasında çalışır. Həyat yoldaşım da onunla qalacaq. Bir-birimizi görmək üçün bəzən onlar bura gələcək, bəzən mən gedib-qayıdacam. 

- İspaniyada “Levante” və “Alaves”də çalışsanız da, böyük uğur əldə etməmisiz. Lakin Azərbaycan yığmasına təyinat alanda İspaniya La Liqasının səhifəsi sizi təbrik etdi. Bunu adətən əfsanə olan insanlar üçün edirlər. 

- İspaniyada iki dəfə çalışdım. “Alaves”dən maksimum dərəcədə neqativlə ayrılmışam. Elə bir situasiya idi ki, ordan getməli idim. Elə komandaya gəlmişdim ki, 6 matçın hamısını uduzmuşdular. 7 qarşılaşma keçirdim və onlardan 3-də qalib gəldim. Lakin rəhbərlik bunu bəyənmədi. Ona görə müqaviləni pozduq. Hörmət olmayan yerdə işləmərəm. “Levante”də işləyəndə maddi problemlər var idi. Komanda müflis olmağa doğru gedirdi. Məcbur olub oradan ayrıldım. Azarkeşlər məni dəstəkləyirdi, komanda qazanırdı. “Selta Viqo” 4-cü pillədə idi və onları udduqdan sonra hər kəs məni göyə atıb-tuturdu. Bəxtim gətirdi ki, “Alaves”də olarkən “Barselona” və “Real”a qarşı oynamadıq. 

- Azarkeşlər Azərbaycan yığmasının uğur qazanacağına ümidlənə bilər?

- Bunun üçün hər şey edəcəm. Əminəm ki, futbolçular da 100 faizlərini meydanda qoyacaqlar. 

- Azərbaycanlı futbolçular gecə həyatına, qəlyan çəkməyə çox meyillidirlər. Bunun qarşısını necə almağı düşünürsünüz?

- Hər şeyə diqqət ayıracam. Futbolçu üçün istirahət mütləqdir. Gec yatmamalı, gec durmamamlıdırlar. Yeməyə fikir verməli və diqqətli olmalıdırlar. Bədənləri sağlam olmalıdır ki, uğur qazanaq. Hamımız daha şən həyat keçirmək istəyirik. Futbolçu üçün ən böyük əyləncə qələbədir. Bunun üçün də müəyyən şeyləri qurban verməlisən. 

- Monteneqro üzərində qələbə mümkündür?

- Əlbəttə ki, qalibiyyət üçün səfərə yollanacağıq. Mən Albaniyada olanda sizin kolleqalarınız Portuqaliya ilə matçdan öncə deyirdilər ki, səfərdə bir xal sizi qane edəcək? Onlara dedim ki, qələbə qazana biləcəyim, 3 xal qazanmaq şansım olduğu halda niyə 1 xalla barışım? Getdik və Portuqaliyanı 1:0 hesabı ilə udduq. Qarşımızda sədd olmamamalıdır. Hamımız məqsədimizə çatmaq üçün inanmalıyıq, əmin olmalıyıq. Bizi udsalar, əl çalacağıq, amma meydanda mübarizə aparmalıyıq. 

- Dmitri Nazarov, Əmir Ağayev, Eddi İsrafilov kimi oyunçular yığmaya dəvət alsa da, gəlmədi.

- Düşündüyünüz çox futbolçunu millidə bir daha görməyəcəksiniz.

- Ailəniz üçün Azərbaycan nə qədər maraqlıdır?

- Yoldaşım üçün Azərbaycan çox maraqlıdır. Yeni mədəniyyət, yeni tarix. Əminəm ki, gəlib burada xeyli gəzəcək. 

BAKU.WS