SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Hamza Hamzaoğlu istefa verdikdən sonra klub yeni məşqçi axtarışına başlayıb.
 
BAKU.WS-in məlumatına görə, qısa zamanda baş məşqçi tapmağa çalışan klub rəhbərliyi Mustafa Dənizlinin "Qalatasaray"ın başına gətirmək istəyir. "Cim Bom"un məşqçilər siyahısında ilk sırada adı keçən Dənizlinin karyerası nəaliyyətlərlə doludur. 
 
Mətbuatda yayılan məlumata görə, artıq Mustafa Dənizli ilə danışıqlara başlanılıb. Bununla yanaşı, digər baş məşqçilərin də axtarışı davam etdirilir. "Qalatasaray" rəhbərliyi "Antalyaspor" matçına komandanı Klaudio Taffarelin hazırlayacağını bildirib. Böyük bir ehtimalla "Atletiko Madrid" matçına da İstanbul təmsilçisini Taffarel hazırlayacaq. Ancaq bundan sonrakı növbəti oyuna yeni məşqçi ilə müqavilə imzalanacaq. 
 
Xatırladaq ki, Mustafa Dənizli 1987-ci ildə "Qalatasaray"a baş məşqçi təyin olunub və ilk mövsümdəcə çempionluq qazanıb. Mustafa Dənizlinin növbəti dayanacağı Almaniya 2-ci liqası olub. Azarkeşlərlə də problemlər yaşayan məşqçi 1990-cı ildə "Qalatasaray"a dönüb. Avropada müəyyən uğurlar qazansa da, rəhbərliklə dil tapa bilməyib və komandadan ayrılıb. Mustafa Dənizlinin "Fənərbaxça"ya keçidi 2000-ci ilə təsadüf edir. Mövsüm sonunda "Fənərbaxça"nı çempion edən Dənizli bunu bacaran ilk türk məşqçi kimi tarixə düşüb.
 
2008-ci ildə o, digər İstanbul nəhəngi "Beşiktaş"a keçib. Uğursuz startdan sonra toparlanan Dənizli komandasına həm çempionluq, həm də kubok qazandıraraq qızıl dubl edib. Bu, Beşiktaşın 6 ildən sonrakı çempionluğu idi. "Qartal" 19 il idi ki, qızıl dubl edə bilmirdi. Dənizlinin milli karyerası da çox uğurludu. O, 2000-ci ildə Türkiyə seçməsinə baş məşqçi təyin olunur. Avro 2000 seçmə mərhələsində Almaniya ilə eyni qrupda mübarizə aparan türklər ikinci oldular. Play-off yarışlarında İrlandiyanı keçən Türkiyə Avropa Çempionatına qatıldı. İtaliya, Belçika və İsveçlə eyni qrupda olan Türkiyə bu dəfə də ikinci oldu. Bu, Türkiyə millisinin o günə qədərki ən yaxşı göstəricisiydi. 2013-cü ildə Azərbaycanın "Xəzər-Lənkəran" klubu ilə 1.5 illik müqavilə bağlayıb. Ancaq sonradan müxtəlif səbəblərdən klubu tərk edib.
 
Şahin Həbibov
BAKU.WS