VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

UEFA Avropa Liqasında çıxış edən "Qəbələ” ötən gün III təsnifat mərhələsinin cavab oyununda Kiprin "Apollon” klubu ilə qarşılaşıb.

 
BAKU.WS-in məlumatına görə, ötən həftə Larnakada baş tutan ilk qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan "qırmızı-qaralar” pley-off mərhələsinə yüksəlmək üçün mübarizə aparıb. Komandamızın baş məşqçisi Roman Qriqorçuk ilk oyunla müqayisədə start heyətində iki dəyişiklik edib. Rikardinyo və Samir Zərgərovun əvəzinə Arif Daşdəmirovla Dodo ilk dəqiqələrdən meydana çıxıb. Kiprlilər isə Bakıda da eyni "11-lik”lə qarşılaşmaya başlayıb.

Qarşılaşma "Qəbələ”nin hücumları ilə başlayıb. Ərazi üstünlüyünə yiyələnən komandamız həm cinahlar, həm mərkəzlə rəqib qapısına həmlələr edib. Daha çox əks-hücumlara ümid edən qonaqlar isə standart vəziyyətlərdən təhlükə yaratmağa çalışıb. İlk real qol vəziyyətini də "qırmızı-qaralar” yaradıb. Cavid Hüseynovun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Sergey Zenyov qolkiperlə dueldən qalib ayrıla bilməyib. Vale topu dəf etməyə nail olub. Aleksey Antonovun əldə etdiyi epizodda isə qapıçı da kiprliləri xilas etmək iqtidarında olmayıb.
 
Cavidin yerinə yetirdiyi künc zərbəsindən sonra Daşdəmirovun qapıya paralel ötürməsini çərçivənin bir neçə metrliyində olan Antonov dəqiq tamamlaya bilməyib. Ukraynalı yaxın məsafədən topu tirin üstündən vurub. Bir neçə dəqiqə sonra Aleksey gözəl ötürməsi ilə diqqət çəkib. Rəşad Sadiqovun cərimə meydanına göndərdiyi topu başla Cavidə ötürən ukraynalı komandamızın kapitanının qapıçı ilə üz-üzə qalmasına şərait yaradıb. Hüseynovun qapıçının başı üstündən atmaq istədiyi top tirin üstündən ötüb. Oyunun 35-ci dəqiqəsində isə Cavid mövsümdə 3-cü sarı vərəqəsini alıb. Bununla da yarımmüdafiəçi cəzalı duruma düşüb. Fasilə öncəsi Sadiqovun cərimə meydanından kənardan endirdiyi zərbəni qapıçı qaytarmağa müvəffəq olub.

İkinci hissəyə də "Qəbələ” daha fəal başlayıb. 48-ci dəqiqədə sol cinahla cərimə meydanında irəliləyən Antonov iti bucaq altından çərçivəni nişan alıb. Lakin qolkiper zərbəyə reaksiya verə bilib. "Apollon”un cavabı da təhlükəli alınıb. Papulisin cərimə meydanı daxilindən endirdiyi qüvvətli zərbəni Dmitri Bezotosnı dəf edib. Hesab qonaqları qane etmədiyindən Kipr təmsilçisi üstünlüyə yiyələnmək üçün irəli atılıb. Rəqib baş məşqçi eyni vaxtda edilən dəyişikliklərlə oyunda dönüş yaratmağa çalışıb. Bundan sonra Aleksin zərbəsi təhlükəli olsa da, qapının üstündən keçib.
 
"Qəbələ”nin hücumu zamanı isə Dodo çərçivəyə düşməyib. "Apollon” hücumlarının sayını artırsa da hesabı "qırmızı-qaralar” açıb. Əks-hücum zamanı sağ cinahla irəliləyən Dododan ötürmə alan Cavidin cərimə meydanı istiqamətində göndərməsi penalti ilə nəticələnib. Belə ki, Zenyovun zərbəsi zamanı müdafiəçi cərimə meydanı daxilində əllə oynayıb. 11 metrlik nöqtəyə yaxınlaşan Hüseynov Avropa Liqasının cari mövsümündə 3-cü qolunu vurub – 1:0. Buraxılan qoldan sonra Kipr təmsilçisi böyük qüvvə ilə irəli atılıb, ardıcıl təhlükəli epizodlar yaradıb. Lakin Bezotosnı 3 qol vəziyyətində komandanı xilas edib. Lakin oyunun sonlarında Ürfan Abbasov qırmızı vərəqə alıb. "Qəbələ”ni azlıqda qoyan müdafiəçi növbəti matçı buraxmalı olacaq.

Beləliklə, 1:0 hesabı ilə qalib gələn "Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. "Qırmızı-qaralar”ın bu mərhələdəki rəqibi bu gün İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşəcək.