SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” Almaniya Bundesliqasının hazırkı lideri “Bayer”lə Tofiq Bəhramov adına Respublika stadionundakı matçda nəticə qazanmağa çox yaxın olsa da, buna nail ola bilmədi.

BAKU.WS xəbər verir ki, təmsilçimizin əsas heyət üzvlərindən olan monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç Sport24.az-a müsahibəsində həm üzücü məğlubiyyət, həm də “Molde”ylə qrupda 2-ci yer uğrunda mübarizədə şanslardan danışıb. 

Həmin müsahibəni təqdim edirik:

- Məğlub olsanız da, sizi yaxşı oyun münasibətilə təbrik etmək istəyirəm...

- Sağ olun. Razıyam ki, yaxşı oynadıq. Hər şey qolsuz bərabərliyə çox doğru gedirdi. Çox üzücüdür ki, 90+4-cü dəqiqədə qapımıza təyin olunan penalti ilə yenildik. Xal qazanmağımıza 2 dəqiqə yetmədi. Bir komanda olaraq meydanda yaxşı təsir bağışladıq.

- Leverkuzendə 1:5 uduzmuşdunuz. Bu dəfə tam fərqli oyun göstərməyimizin əsas nəylə əlaqələndirərdin?

- Evdə möhtəşəm atmosferdə oynayırdıq. Tribunadakı azarkeşlərimiz bizə əlavə güc verirdi. Nəticədə çox yaxşı performans ortaya qoyduq. Rəqibə real qol şansları vermədik. Yalnız penalti epizodu oldu ki, onu da qola çevirdilər. Heyif ki, biz qol vura bilmədik və buna görə üzr istəyirəm.

Penalti hesabına uduzmaq, bu qədər enerji itirib meydandan xalsız ayrılmaq adama pis təsir edir. 0:0 əla nəticə idi. Amma eybi yoxdur, bundan sonra tez köklənib qarşıdakı oyunlara hazırlaşmalıyıq. İstənilən halda, komandama təşəkkür edirəm. 

- Penalti epizodu ilə bağlı fikirlərin maraqlıdır. Videotəkrar nə göstərdi?

- Bəli, videotəkrara baxdım. Bilmirəm heç nə deyim...Baş hakim gedib VAR-a baxdı və bu cür qərar qəbul etdi. Ancaq eyni şey rəqibin cərimə meydanında olsaydı, bəlkə də xeyrimizə penalti verilməyəcəkdi. Ola bilər ki, həmin vaxt fərqli qərar çıxarılacaqdı. Amma bu gün üçün belə oldu. Hakimdir, penalti deyirsə, penaltidir. 

- “Bayer”ə və “Araz-Naxçıvan”a qarşı oynamaq motivasiya baxımından fərqlənir?

- Sizcə?

- Əlbəttə ki. Sadəcə, sənin dilindən eşitmək istəyirəm. 

- Bu, sözlə izah oluna bilməz. Bu cür komandalar adamı meydanda o qədər qaçmağa, işləməyə məcbur edirlər ki...Təbii ki, müəyyən fərq var. Üstəlik, 30 minin qarşısında oynayırsan, daha məsuliyyətli olmalısan. 

- Matçdan sonra “Bayer”in futbolçularıyla söhbətləşməyə imkan tapdın?

- Bəli.

- Maraqlıdır, “Qarabağ” haqda nə dedilər?

- Çox danışmadıq. Yaxşı oyuna görə bizi təbrik etdilər. 

- Qrupda 2-ci yeri tutub avroliqanın pley-offuna çıxmaq şansımız hazırda nə dərəcədə yüksəkdir? Xal sayında artıq bizə çatan “Molde”ni qabaqlaya biləcəkmi?

-  İndi Norveçə gedəcəyik. Mübarizədə həlledici nöqtədir. Udsaq, növbəti mərhələyə yüksəlirik. Uduzsaq, yenə şansımız qalır, amma işimiz çətinləşəcək. Bu baxımdan “Molde” ilə görüşdə nəticə çox vacibdir. Lakin bu həlledici matça hələ çox vaxt var və həmin müddətə kimi hazırlaşacağıq.

BAKU.WS