SİZİN REKLAM BURADA!
055 213 76 73


 
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 7 idmançısı mübarizə aparacaq.

İlk olaraq, 100 kq. çəki dərəcəsində cüdoçu Elmar Qasımov tatami üzərinə çıxacaq. 26 yaşlı idmançının 1/16 finaldakı rəqibi rusiyalı Avropa (2009), dünya (2011) və olimpiya çempionu (2012) Tahir Xaybulayev olacaq. Görüş Bakı vaxtı ilə saat 17:14-də başlanacaq.

Saat 20:00-da akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qoşaavarlı qayıqla 2000 metr məsafəyə "B" finalı (7-12-ci yerlər) yürüşünə qatılacaq. Onların rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqar Georgi Bojilov - Kristian Vasilev cütlükləri olacaq.

Saat 00:30-dan etibarən Azərbaycanın 4 boksçusu rinqə çıxacaq. Əvvəlcə dünya çempionu Cavid Çələbiyev (56 kq) qazaxıstanlı Kayrat Yeraliyevlə 1/16 final döyüşündə üz-üzə gələcək. Qalib boksçu növbəti mərhələdə - avqustun 15-nə keçən gecə saat 01:15-də özbəkistanlı Murodjon Axmadaliyevlə qarşılaşacaq.

Saat 00:45-də Lorentso Sotomayorla (64 kq) ukraynalı Vladimir Matviyçuk arasında 1/16 final döyüşü keçiriləcək. Bu görüşün qalibi növbəti mərhələdə Jonas Junias Jonas (Namibiya) - Hassan Amzil (Fransa) döyüşünün qalibi ilə qarşılaşacaq.

Saat 01:30-da Pərviz Bağırov (69 kq) 1/8 final görüşündə fransalı Süleyman Diop Sissoko ilə üz-üzə gələcək.

Nəhayət, saat 02:30-da Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) olimpiadada ikinci görüşünə çıxacaq. Onun 1/8 finaldakı rəqibi hollandiyalı Peter Müllenberq (Hollandiya) olacaq.
 
BAKU.WS