SİZİN REKLAM BURADA!
055 213 76 73


Güləş üzrə Kiyev turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə başlayıb.

Əfqan Xaşalov ilk görüşdə belaruslu güləşçiylə minimal fərqlə uduzub. Mahir Əmiraslanov debütdə ukraynalı həmkarına sonuncu xal prinsipinə əsasən qalib gəlib. Mübarizəyə 1/8 finaldan qoşulan İslam Bazarqanov gürcü pəhləvanla qarşılaşmanın son saniyəsində qələbəni əldən verib. Əmiraslanov isə bu mərhələdə özbək güləşçiyə yenilib.

Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmamasıdır. Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə "tuşe" ilə qalib gəlib. Gəncə güləş məktəbinin yetirməsi Belarus idmançısını da vaxtından əvvəl xalçadan məyus yola salıb.

Rəhimzadə isə qırğız həmkarını tam üstünlüklə sıradan çıxarıb. Əli daha sonra yerli pəhləvana minimal fərqlə qalib gəlib. 1/4 finalda Turan ABŞ, Əli isə Gürcüstan idmançısı üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıblar. Bayramov finalın bir addımlığında qırğız güləşçiyə məğlub olub. Əvəzində Moldova təmsilçisinə gücünü göstərən Rəhimzadə finala yüksəlib.

Turan fevralın 27-də 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən digər erməni güləşçini də məğlubiyyətə uğradaraq bürünc medala sahib olub.

BAKU.WS