"Yuxarıdan kimi göndərsələr, onu götürəcəyik" - İşindən xaric edilən şəxs şikayət etdi

Yuxarıdan kimi göndərsələr, onu götürəcəyik - İşindən xaric edilən şəxs şikayət etdi
Video
Sosial 26

Qaxın Şotavar kənd sakini, 29 yaşlı Murad Nadirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, bir müddət əvvəl heç bir xəbərdarlıq edilmədən işindən xaric edilib.

O, rayonun Qorağan kənd tam orta məktəbində ocaqçı kimi işləyib.

2 uşaq atası olan Murad Nadirov deyir ki, aidiyyəti qurumlara ünvanladığı müraciətləri cavabsız qalıb:

"2024-cü ilin noyabrın 15-də Qax rayonu Səfər Rəhimov adına tam orta məktəbdə ocaqçı vəzifəsinə təyin olunmuşam. 2025-ci ilin aprel ayına qədər həmin məktəbdə mövsümi işçi kimi müqavilə əsasında 5 ay çalışmışam. Aprelin 15-də mövsüm bitdiyi üçün işimə xitam verildi. 2025-ci ilin noyabr ayında yeni mövsüm başlayanda məktəbin direktoru Günel Orucovaya yaxınlaşıb yenidən işə qəbul olunub-olunmayacağımı soruşdum. O bildirdi ki, məşğulluq xidməti vasitəsilə göndəriş olarsa, məni işə götürəcək.

Daha sonra məşğulluq idarəsinə müraciət etdim, orada isə dedilər ki, yuxarıdan kim göndərilərsə, göndəriş o şəxsə veriləcək. Şəki Regional Təhsil İdarəsində Alqış Həsrətov da eyni cavabı verdi. Mənim üçün anlaşılmaz olan odur ki, heç bir xəbərdarlıq edilmədən, işimdə hər hansı pozuntu olmadan məni işdən kənarlaşdırıb yerimə başqa şəxsi götürüblər".

Murad Nadirovun şikayəti ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, ‎Şotavar kənd sakini Murad Nadirov 2024-cü ilin 15 noyabr tarixindən 2025-ci ilin 15 aprel tarixinədək Qorağan kənd tam orta məktəbində müddətli əmək müqaviləsi əsasında mövsümi ocaqçı vəzifəsində çalışıb:

"Əmək müqaviləsinin müddəti başa çatdığı üçün 15 aprel 2025-ci il tarixində məktəb direktorunun müvafiq əmri ilə onunla bağlanan əmək münasibətlərinə xitam verilib. Hazırda təhsil müəssisəsi üzrə və Şəki-Zaqatala Regional Məşğulluq Mərkəzində mövcud növbəlilik sırasına əsasən birinci olan Aynurə Əliyeva həmin təhsil müəssisəsinə mövsümi ocaqçı vəzifəsinə təyin olunub.

Məlumat üçün bildiririk ki, təhsil müəssisələrində texniki işçilərin işə qəbulu mövcud qaydalara uyğun olaraq növbəlilik prinsipi əsasında həyata keçirilir".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər