Yol polisindən xəbərdarlıq: 50-300 manat cərimə oluna bilərsiniz
Azərbaycanda bu gündən etibarən bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb.
Bu barədə "Report”a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaqlar: "Nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında "VAZ”, "QAZ”, "Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır. Qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. Texniki baxışa görə dövlət rüsumu avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulub. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir".
Bölmə rəisinin sözlərinə görə, bu il 2007, 2009 və 2011-ci ildə istehsal olunan nəqliyyat vasitələri texniki baxışdan keçməlidir: "Bütün sürücülər texniki baxış məsələsinə diqqətlə yanaşmalıdır. Əgər vaxtında keçə bilməyən sürücülər varsa yol polisi onları gecikmədən texniki baxış məntəqələrinə getməyə çağırır: "Diqqətə çatdırmaq istəyirəm ki, texniki baxış üçün müraciət edən sürücüləri müayinə məntəqəsinə cərimə etməyəcəklər. Onlar sadəcə avtomobili texniki baxışa təqdim edəcəklər, heç bir problem aşkarlanmadığı təqdirdə baxış talonu veriləcək. Lakin sürücülər bilməlidirlər ki, yollarda avtomobili idarə edərkən inspektor tərəfindən saxlanılanda cərimə yazılacaq. Qanuna görə, cərimə yazıldığı gündən sonrakı 10 gün ərzində sürücü texniki baxışdan keçməlidir. Keçməzsə, 11-ci gün yenə də ona cərimə yazıla bilər".
Qeyd edək ki, nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:
1. sürücülük vəsiqəsi;
2. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi);
3. dövlət rüsumunun ödənilməsinə dair sənəd;
4. nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.
BAKU.WS
Oxşar xəbərlər
Yol Polisindən sürücülərə xəbərdarlıq
"Texniki cəhətdən qış mövsümünə hazır olmayan avtomobillərin istismarı qadağan olunacaq". BAKU.WS xəbər verir ki, bunu report-a Daxili İşlər Nazirliyinin (DİN)...