Yerli təsərrüfat məhsulları niyə bahalaşıb? - Nazirlikdən AÇIQLAMA
Son dövrlərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərində nəzərəçarpan artım müşahidə edilir. Bu, cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olsa da, Kənd Təsərrüfatı Nazirliyi fermerləri dəstəkləmək və yerli istehsalı stimullaşdırmaq üçün bir sıra yeni addımlar atır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı Şöbəsinin müdiri Vüqar Hüseynovun BAKU.WS-ə verdiyi məlumata görə, 2025-ci il üçün subsidiyalar artıq açıqlanıb və əvvəlki illərlə müqayisədə bu sahədə ciddi irəliləyişlər var.
Onun sözlərinə görə, ilk dəfə olaraq, müasir suvarma sistemləri tətbiq edən fermerlər üçün xüsusi subsidiyalar nəzərdə tutulub. Məsələn, taxıl becərən fermerlər ənənəvi suvarma üsulu ilə hər hektara görə 230 manat subsidiya alarkən, müasir suvarma sistemlərindən istifadə edənlərə 290 manat subsidiya ödəniləcək. Bu fərq müasir sistemlərin tətbiqi üçün çəkilən xərclərin böyük hissəsini kompensasiya edir.
"Bundan əlavə, fermerlərin müasir suvarma sistemlərinə keçidini asanlaşdırmaq üçün dövlət xüsusi maliyyə dəstəyi təqdim edir. Sistemlərin ümumi dəyərinin 40%-i dövlət tərəfindən qarşılanır, fermer yalnız 20% ödəyir, qalan 40% isə bankların təqdim etdiyi kreditlə maliyyələşdirilir. Bu kreditin faizini də dövlət öz üzərinə götürür", - deyə nazirliyin sözçüsü bildirib.
Müasir texnologiyaların üstünlükləri
Vüqar Hüseynov qeyd edir ki, müasir suvarma sistemləri yalnız suya qənaət etməklə kifayətlənmir, həm də torpağın məhsuldarlığını artırır. Bu üsulla suvarılan sahələrdə məhsul ənənəvi üsulla müqayisədə 2-3 dəfə artıq olur. Bundan əlavə, müasir texnologiyalar gübrələrin düzgün paylanmasını təmin edir və torpağın keyfiyyətini yaxşılaşdırır.
Maarifləndirmə və Dövlət Aqrar İnkişaf Mərkəzləri
Fermerlərin məlumatlandırılması istiqamətində də mütəmadi tədbirlər keçirilir. Dövlət Aqrar İnkişaf Mərkəzləri yerlərdə fermerlərə dəstək göstərir.
Təbii ehtiyatların səmərəli istifadəsi əsas hədəfdir
Azərbaycanda su və torpaq ehtiyatlarının məhdud olduğunu qeyd edən nazirlik nümayəndəsi, bu ehtiyatlardan səmərəli istifadə etməyin kənd təsərrüfatı istehsalının artırılmasında mühüm rol oynadığını bildirir. Subsidiyalar və digər stimullaşdırıcı tədbirlər həm məhsul istehsalını artırmaq, həm də yerli məhsulların bazardakı mövqeyini gücləndirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Ətin bahalaşması ilə bağlı məsələ mətbuatda dəfələrlə qaldırılıb, səbəbləri mütəxəssislərlə müzakirə edilib. Budəfəki müzakirə isə bahalaşma deyil. Qiymətin əsa...