Yeni tədris ilində nə yenilikləri olacaq? - RƏSMİ СAVAB
Yeni tədris ilinin başlamasına az zaman qalıb. Lakin pandemiya həm orta ümumi təhsil müəssisələrində, həm də ali məktəblərdə bu proseslərin gedişinə öz mənfi təsirini göstərir.
BAKU.WS xəbər verir ki, ali təhsil müəssisələrində dərslərin nə zaman, necə və hansı şəraitdə başlayacağı hamı üçün maraqlı məsələlərdən birinə çevrilib.
Mövcud durumla əlaqədar Təhsil Nazirliyi və təhsil eksperti Kamran Əsədova müraciət etdik. Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hələlik bu məsələ ilə bağlı rəsmi qərar verilməyib: “Bu məsələ ilə bağlı təkliflər təqdim olunub, amma rəsmi qərarlar dövlət qurumları tərəfindən veriləcək. Hələlik bu barədə rəsmi dövlət qərarı yoxdur”.
Kamran Əsədov isə məsələ ilə bağlı BAKU.WS-ə açıqlamasında qeyd etdi ki, hazırda ali təhsil müəssisələrində təhsilin bərpası konkret olaraq dövlət tərəfindən gözlənilmir: "Aparılan müzakirələr daha çox orta ümumtəhsil məktəblərində tədrisin bərpası üzərində müəyyən variantlarla işlənilir. Amma düşünürəm ki, ali təhsil müəssisələrində dərslərin başlaması müəyyən qaydalara riayət etmək şərti ilə mümkündür.
Bir neçə formatda mənim təkliflərim var. Nəzərə alsaq ki, Azərbaycanın 54 universitetində 180 min tələbə təhsil alır. Onların heç də hamısının kompüteri, planşeti, maddi imkanı yoxdur ki, tam şəkildə onlayn dərslərə qoşulsunlar. Xüsusən müəyyən ixtisaslar üzrə dərslərin onlayn qaydada həyata keçirilməsi effektiv deyil.
Birincisi, normal qaydada ali təhsil müəssisələri açılır. Tələbə sıxlığını aradan qaldırmaq üçün birinci və üçüncü kurslar həftənin bir, üç, beşinci günləri dərsə gəlirlər. İkinci və dördüncü kurslar iki, dörd və altıncı günlər dərsə gəlirlər. Birinci və üçüncü kurslar səhər, ikinci və dördüncü kurslar isə öz günlərinə uyğun olaraq dərsə gələ bilərlər".
Kamran Əsədovun növbəti təklifi isə müəyyən ixtisaslarla bağlıdır: "Tutaq ki, kimsə Tibb Universitetində oxuyur və tibb ixtisası yalnız Bakı şəhərində və Naxçıvandadır. Amma bu universitetlərdə təhsil alan tələbələr ölkənin müxtəlif rayon və şəhərlərində yaşayırlar. Onlar öz yaşadıqları ərazilərdə xəstəxana və poliklinikalara cəlb olunmaqla, ən azından zəruri biliklərə yiyələnə bilərlər. Təbii ki, bunlar mənim pandemiya dövrü üçün olan təkliflərimdir. Bütün hallarda isə onlayn dərslər effektiv deyil, zəruri bilikləri onlayn formada təhsil alanlara çatdırmaq mümkün deyil.
Vəziyyət magistratura pilləsi üzrə təhsil alanlar üçün daha əlverişlidir. Ali təhsilin magistratura pilləsi üzrə təhsil alanlarla dərsə başlamaq olar. Çünki magistratura pilləsi üzrə təhsil alanların sayı azdır və burada sıxlığı aradan qaldırmaq olar".
Təhsil eksperti universitetlərə sənəd qəbul məsələsinə də aydınlıq gətirdi: “Pandemiya dövrünün mövcud şərtləri davam edərsə, sənəd qəbulu prosesi onlayn qaydada həyata keçiriləcək".
Əkbər Mustafayev
Oxşar xəbərlər
Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlanıb
Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma...