Yeddi körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə təxirə salındı - SƏBƏB

Yeddi körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə təxirə salındı - SƏBƏB
Sosial 95

"Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında baş verən və 7 körpənin ölümünə səbəb olan yanğın işi ilə bağlı cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva ilə yanaşı, digər vəzifəli şəxslər Hamlet Mustafayev və Elnur Əhmədlinin anket məlumatları dəqiqləşdirilmədən iclas təxirə salındı. Buna səbəb isə təqsirləndirilən sabiq direktor Mehriban Abasquliyanın vəkilinin prosesdə iştirak etməməsi olub.

Qeyd edək ki, yanğınla bağlı ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb. Yanğın nəticəsində müəssisəyə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Son xəbərlər