Xəstələnəndə maaş azalacaq, yoxsa artacaq? - İşçiləri sevindirəcək xəbər
Xəstəlik səbəbindən işə gedə bilməyən minlərlə vətəndaşı düşündürən əsas sual nəhayət yeni hüquqi müstəvidə aydınlaşdırılıb.
BAKU.WS-in məlumatına görə, artıq müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə ödənilən müavinətlərin hesablanma qaydası dəyişib və bu dəyişiklik həm məbləğə, həm də hesablama mexanizminə birbaşa təsir edir.
Ən mühüm dəyişiklik ondan ibarətdir ki, ödənişlər artıq iş günlərinə görə deyil, təqvim günlərinə görə hesablanır. Bu isə o deməkdir ki, şənbə, bazar və bayram günləri də hesablamaya daxil edilir və kənarda qalmır.
Nəticədə bir çox işçi maaşında müəyyən artım müşahidə etdiyini bildirir. Əvvəllər xəstəlik günləri yalnız iş günləri üzrə nəzərə alınırdı və bu da ödənişin məbləğini azalda bilirdi.
Keçmiş qaydalara əsasən, müavinətin məbləği işçinin sığorta stajından asılı idi. Məsələn:
az stajı olanlara 60 faiz,
orta stajlılara 80 faiz,
uzunmüddətli stajı olanlara isə 100 faiz ödəniş edilirdi.
Yeni sistemdə isə bu fərq aradan qaldırılıb. İşçinin stajından asılı olmayaraq, hər kəsə 100 faiz məbləğində müavinət hesablanır və ödənilir. Bu, sosial bərabərliyin təmin olunması baxımından mühüm addım hesab olunur.
Hesablama necə aparılır?
Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata görə, müavinət artıq son 10 günün qazancına görə deyil, son 4 rüb üzrə işçinin xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları əsasında müəyyən edilir.
Mexanizm belədir:
Son 4 rüb üzrə ödənilmiş sosial sığorta haqları nəzərə alınır.
Həmin məbləğin 4 misli götürülür.
Bu göstərici 4 rübdəki təqvim günlərinin sayına bölünərək gündəlik müavinət məbləği hesablanır.
Gündəlik məbləğ xəstəlik müddətini əhatə edən təqvim günlərinin sayına vurularaq yekun ödəniş müəyyən edilir.
Yeni sistem tam elektron əsasda fəaliyyət göstərir. Artıq kağız üzərində xəstəlik vərəqələri, gecikmələr və sənəd itkiləri kimi problemlər aradan qalxır. Əvvəllər bəzi hallarda işçi xəstəlik vərəqəsini gec təqdim etdiyinə görə ödənişdə çətinlik yaşayırdı. İndi isə məlumatlar birbaşa elektron informasiya sisteminə daxil edilir və proses avtomatik şəkildə icra olunur.
Bu dəyişiklik işəgötürənlər üçün də əməliyyat baxımından rahatlıq yaradır və insan faktorundan qaynaqlanan texniki problemləri minimuma endirir.
Oxşar xəbərlər
Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı...