Vətən Müharibəsinin daha bir şəhidi - Kapitan Şirəliyev Niyət - FOTO

Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də kapitan Şirəliyev Niyət İmran oğludur.
BAKU.WS xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Şirəliyev Niyət 1990-cı il fevral ayının 9-da Şamaxı rayonunun Ovculu kəndində anadan olub.
O, 1997-ci il sentyabr ayının 1-i Babacan Alıyev adına Ovculu kənd orta məktəbinin 1-ci sinfinə getmişdi. Məktəb illərində çox sakit, tərbiyəli, nümunəvi, vətənpərvər şagird kimi həm sinif yoldaşlarının, həm də müəllimlərin hörmətini qazanmışdı. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdi. Elə həmin il onda olan vətən sevgisi Niyətin həyatını hərbi akademiyaya qədər aparır.
Şirəliyev Niyət Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2011-ci ildə hərbi akademiyanı bitirən Niyət leytenant rütbəsi alır və zabit olaraq Müdafiə Nazirliyinin Təlim-tədris mərkəzində öz ixtisası üzrə biliklərini artırır. 2012-ci ildən etibarən müdafiə nazirliyinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayır. 24 iyun 2014-cü ildə baş leytenant hərbi rütbəsi verilir. 2016-cı ildə şanlı tariximizə 4 günlük aprel zəfəri kimi qeyd olunan aprel döyüşlərində iştirak etmişdi.
2018-ci il iyun ayının 25-i müdafiə nazirliyinin müvafiq əmri ilə növbəti Kapitan hərbi rütbəsi verilir. 2019-cu ilin yay aylarına qədər həmin hərbi hissənin taborlarında MTTB rəisi (maddi-texniki təminat bölməsi) vəzifəsinə qədər yüksəlir. Elə həmin ilin avqust ayında Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunur. Orada da qısa müddət ərzində öz xidməti ilə seçilən Niyət 2020-ci ilin aprel ayının 17-si müdafiə nazirliyinin müvafiq əmri ilə N saylı hərbi hissənin qərargah rəisi hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur. 30 yaşında hərbi hissənin qərargah rəisi vəzifəsi Niyətin nümunəvi xidmətinə verilən qiymət idi.
2020-ci ilin sentyabr ayının 27-si mənfur düşmənlərimizin təxribatlarının qarşısını almaq üçün ordumuzun başlatdığı əks hücum əməliyyatlarında rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərdə Murovdağda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında birbaşa iştirak etmiş, düşmənin dərinliklərinə sızıb onların çoxlu sayda canlı qüvvəsini məhv etmiş və özü də qəhrəmancasına şəhid olmuşdu.
Onun cansız bədənini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Şəhid Şirəliyev Niyət 85 gün sonra 21 dekabrda Şamaxı rayonu Şəhidlər xiyabanında böyük izdihamla torpağa tapşırılıb.
Kapitan Şirəliyev ailəli idi. Vətənə əmanət iki balası qalıb: oğlu Nicat və qızı Zeynəb.
Şəhidlik zirvəsinə ucaldıqdan sonra təltif olunduğu medallar
1. 3-ci dərəcəli Rəşadət ordeni
2. Vətən uğrundə medalı
3. Kəlbəcərin azad olunmasına görə.
Qalereya
Oxşar xəbərlər
Bu gün doğum günü olan şəhidlər - FOTO
Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...
