Uşaqlarımızı “oğru dünyası”ndan doğru dünyaya necə yönəldək? RƏYLƏR

Uşaqlarımızı “oğru dünyası”ndan doğru dünyaya necə yönəldək? RƏYLƏR
Sosial 1590

Son dövrlər ölkəmizdə kriminal aləmə üz tutanlar arasında məktəbli və yeniyetmələrə də rast gəlinir.

BAKU.WS xəbər verir ki, azyaşlılar mənfi təsirlərə düşərək özləri də bilmədən "qanuni oğru"ları qəhrəman obraz kimi görməyə başlayıblar.

Acınacaqlı durum ölkə ictimaiyyətini narahat edir və yeniyetmələrin bu cür təsirlərə düşməməsi üçün çıxış yolları ilə bağlı müxtəlif fikirlər səsləndirilir. BAKU.WS mövcud vəziyyətlə bağlı ölkənin tanınmış ictimaiyyət nümayəndələrinə müraciət edib və məktəblilərin qorunması ilə bağlı fikirlərini öyrənib.

Xalq artisti Afaq Bəşirqızı BAKU.WS-ə bildirib ki, yeniyetmələrin yad ünsürlərə üz tutması, avtoritetləri özlərinə örnək bilmələrində günahkarlardan biri də özümüzük: "Çünki bizim bunun əleyhinə olan milli təbliğat və təşviqatımız yoxdur. Əgər biz Şah İsmayılı, Cavad xanı, Məhəmməd Əmin Rəsulzadəni hardasa danırıqsa, onlar da müəyyən lotuları özlərinə örnək götürəcəklər. Bizdə ümumiyyətlə ədəbiyyat və tariximizin təbliğatı həddindən artıq zəifdir. Təbliğatı da elə bir adam aparır ki, onun səsinin tonuna adam qulaq asmaq istəmir.

Yeniyetmələrin düzgün istiqamət alması ailədə olan tərbiyə və vətənpərvərlikdən də aslıdır. İndi bir çox ailə var ki, onlar Azərbaycan dilində danışmağı özlərinə sığışdırmır və utanırlar. Hansı milliyyətdən, tarixdən, ədəbiyyatdan və qəhrəmandan söhbət gedə bilər ki, o ailədə ancaq rus dilində danışırlar. Burada səbəblər çoxdur, çarəsini tapmaq isə çətindir. Müəyyən vasitələrə əl atmaq lazımdır. Mediada, məktəblərdə kompleks təbliğat aparılmalıdır.

Bu gün hazırlıq kurslarına gedən uşaqların çoxu sanki manqurtlaşıblar. Onlar ancaq testə düşən suallara cavab verirlər. Lakin onlardan soruşanda ki, Qara Qarayev və Cəfər Cabbarlı kimdir, cavab verə bilmirlər. Manqurtlaşmış proqram bütün şagird və tələbələrin beyninə yeridilib”.

Televiziya eksperti, professor Qulu Məhərrəmli isə hesab edir ki, müxtəlif informasiya təzyiqi altında qalan uşaqlar bir çox təsirlərə məruz qalırlar: "Əvvəllər də belə hallar olurdu, lakin mənbələr çox məhdud idi. Dünənə qədər təkcə televiziya idisə, indi ətraf mühit, sosial şəbəkələr, müxtəlif filmlər və xüsusən də “YouTube”da rəngarəng informasiyalar uşaqları təsir altına salır. Buna görə, uşaqları təsirlərdən qorumaq məqsədilə Azərbaycanda xüsusi qanun var. Fikrimcə, pedaqoji problemlərlə məşğul olan mütəxəssislər diqqəti buna yönəltməlidirlər ki, uşaqları bu təsirlərdən necə qorumaq olar.

Bunun klassik və sınanmış variantı budur ki, uşaqlar daim nəzarətdə olmalıdırlar. Bəzən valideynlər dinamik həyat tərzi sürür və uşaqlarına az vaxt ayırırlar. Onların əllərinə planşet verir və ya şərait yaradırlar ki, kabel televiziyasının qarşısında oturub rahat izləyə bilsinlər. Bizə elə gəlir ki, sanki uşaqların başı qatılır. Amma əslində onlar üçün başqa bir dünya açılır. O dünyada uşaqlar narkotik və kriminal dünya ilə bağlı görüntüləri rahat izləmək imkanı əldə edirlər. Digər məsələ isə medianın fəal roludur. Narkotiklər və kriminal dünya ilə bağlı xəbərləri həddən artıq cazibədar şəkildə təqdim etmək olmaz. Bu tip xəbərləri hərtərəfli şəkildə vermək, detallarını açmaq əslində bunun təbliği ilə nəticələnir.

Hesab edirəm ki, uşaqlar çox ciddi nəzarət altında olmalıdır. İstər valideynlər, istərsə də məktəb tərəfindən uşaqlara nəzarət güclü olmalıdır. Bu gün, təəssüflər olsun ki, məktəbin təsiri uşaqlar üzərində həddindən artıq azalıb. Sanki təhsil var, amma tərbiyə ilə bağlı məsələlər unudulur. Uşaqlar sözün yaxşı mənasında nəzarət və təzyiq altında olmalıdır ki, onlar kənar və neqativ meyillərə maraq göstərə bilməsinlər.

Uşaqlar evdə valideynləri ilə birgə televizora baxarkən mənfi informasiyalar alırlar. Orada isə törədilən cinayətlər, edilən oğurluq və digər kriminal xəbərlər eşidirlər. Bunların hamısı toplanıb hiss edilmədən uşaqlarda şüuraltı maraq yaradır. Təkcə məktəblilər deyil, digər yeniyetmələr və tələbələrin də çox ciddi boşluqları var. Onlar üçün biz hansı dəyərləri təbliğ edirik? Bizim 100 illik, min illik tariximizdə çoxlu real qəhrəmanlarımız olub. Sonuncu bizim qəhrəmanımız Mübariz İbrahimovdur. Vətən üçün canını fəda etmiş, həyatını bir ideal uğrunda qurban vermiş bu qəhrəmanımız necə təbliğ olunur? Bu məsələdə əyani nümunələrin çox böyük rolu var. Bu şəxslər ciddi şəkildə təbliğ olunmalıdırlar. Bizdə istənilən yağ, vermişel və texnika təbliğ olunur, amma sosial reklam kimi vətənpərvərlik məsələsi unudulur”.

Sabiq deputat Fazil Mustafa isə qeyd edib ki, ümumiyyətlə məktəblərdə iki əsas problem var: "Biri siqaret, narkomaniya və qəlyan istifadəsinin populyarlaşmasıdır. Bu məsələdə məktəblilər sanki özlərini təsdiqetmə yarışına girirlər. İkincisi isə kriminal avtoritetlərə, “oğru dünyası”na meyillilikdir. Bu ikisi cəmiyyətdən gələn bəlalardır və məktəb sistemi burada filtir yarada bilmir. Uşaqlar da bu zərərli mühitin zəhərinə məruz qalırlar.

Təbliğatla bağlı işlər normal aparılmadığına və mütaliə mədəniyyəti xeyli aşağı düşdüyünə görə, uşaqlar lazım olanı oxumaq əvəzinə, daha çox təhlükəli fəaliyyət istiqamətlərini seçməli olurlar. Bununla yanaşı müəyyən televiziya və internet məkanlarında kriminal seriallar, filmlərə baxış da təbliğat rolu oynayır. Bütövlükdə məktəb qoruyucu mexanizmə malik deyil. Təhsil ocaqlarının yaxınlığında qəlyanxanaların olması, orada uşaqların narkotikə istiqamətləndirilməsi və başqa təsirlərə düşməsi ciddi narahatlıq doğurur. Uşaqlar arasında siqaret çəkənlərin faizi də artmaqdadır. Onlar özlərini kənarda kriminal aləmin qəhrəmanı kimi görmək istəyirlər. Amma bu uşaqlara alim, hərbçi və vicdanlı peşə sahibi obrazı təbliğ olunsa, tamam fərqli mənzərə yaranar.

Əxlaqsızlığın yayılması da bununla birbaşa əlaqəlidir. İndiki dövrdə boşanmaların əsas səbəblərindən biri narkomaniya və kriminal fəaliyyətlər dayanır. Qızların da məktəb illərindən müəyyən vərdişləri əxz edərək bu istiqamətə yönəlməsi, onların da kriminal həyat tərzinə meyl etməsi təhlükədən xəbər verir. Bütövlükdə bu təhlükənin qarşısını almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin danlanmasına ehtiyac var. Komitə daha çox nüfuz edə bilməli, bu proseslərlə bağlı təhlükə siqnallarını cəmiyyətə, dövlət qurumları və parlamentə çatdırmalıdır ki, qanunvericiliklə bunun qarşısını almaq mümkün olsun".

İlahiyyatçı Hacı Şahin Həsənlinin fikrincə, gənclər həmişə örnək və nümunə axtarırlar: "İnsanlarda bir növ qəhrəmanlığa pərəstiş hissi var, qəhrəmanlara sayğı göstərir və onları özlərinə nümunə kimi seçir. Müasir dövrdə qəhrəmanlıq məfhumu dünyada böhran keçirir və xüsusi hədəfə alınır. Sanki qəhrəmanlıq dövrü bitmiş kimi təsəvvür var. Belə bir zamanda gənclərə qəhrəmanlıq nümunələri təqdim olunmalıdır. Ümumiyyətlə, insanlar arasında qəhrəmanlıq təbliğ edilməlidir. Çünki qəhrəmanlıq təkcə döyüş və müharibə üçün deyil, insani bir keyfiyyətdir. İnsan həmin o şücaətə və qəhrəmanlığa sahib olursa, bu, onun mənəvi inkişafına zəmin yaradır. Bu hər bir insan üçün müsbət bir dəyərdir.

Qəhrəmanlıq haqqında danışılarkən gənclərə mütləq qəhrəmanlıq nümunələri təqdim olunmalıdır. Azərbaycanın bu yolda kifayət qədər tanınmış simaları, tarixi şəxsiyyətləri, şəhidləri və milli qəhrəmanları var. Bunlarla bağlı kompleks işlər görülməli və tədbirlər keçirilməlidir. Mətbuatda və digər vasitələrlə gənclərə bu dəyərlər aşılanmalıdır. Çünki gəncin özünə örnək axtarması və nümunə seçməsi qəhrəmanlara pərəstiş etməsi təbiidir. Biz münasib bir örnək təqdim etməsək, onlar da bunu yalnış yerlərdə axtaracaqlar”.

Tanınmış telejurnalist Mübariz Əsgərov vurğuladı ki, yeniyetmə və uşaqları 3 əsas institut formalaşdırır: "Bunlar ailə, məktəb və cəmiyyətdən ibarətdir. Qeyd olunan mələsə ilə bağlı hər üçünün təpkisi olmalıdır. Ailə və məktəb baxımından hər şey qaydasında olarsa, lakin cəmiyyətdə başqa əhval-ruhiyyə ilə rastlaşarsa, istiqamətini dəyişə və başqa yola düşə bilər. Bu üç amil paralel iş aparmalıdır. Evdə valideynlər, məktəbdə müəllimlər, cəmiyyətdə də kriminal ünsürləri görən ağsaqqallar, ziyalılar, yaşlılar buna imkan verməməlidirlər.

Bütün dünya ölkələrində olduğu kimi bizdə də kriminal aləmə marağı olan yeniyetmələrə rast gəlmək mümkündür. Bunun əsas səbəblərindən biri də sosial şəbəkələrdə yayılan müəyyən informasiya və videolardır. Bunun qarşısını almaq üçün isə evdə də nəzarət olmalıdır. Dünya qloballaşır, sosial şəbəkələr çox böyük rol oynayır”.

Son xəbərlər