Ünvanlı sosial yardımın təyin edilməsində yeni qaydalar

Ünvanlı sosial yardımın təyin edilməsində yeni qaydalar
Sosial 4197

 

Nazirlər Kabineti "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nı təsdiq edib. 

BAKU.WS-in məlumatına görə, bununla əlaqədar"Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın  təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli  qərarı ləğv edilib. 

Bu Qaydalar   ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir.  Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı  fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:  

- ailə üzvünün  əmək qabiliyyətini itirməsi;

- əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;

- ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;

- ailə üzvünün  vəfat etməsi;

- ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;

- ailə üzvünün  azadlıqdan məhrum edilməsi;

-ailə üzvünün olduğu yerin məlum olmaması.

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər.  Bu barədə ərizə  yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən  təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir.

Təmsilçi elektron formada müraciətin qeydiyyata  alınması məqsədi ilə "Elektron hökumət” və ya Nazirliyin "Elektron xidmətlər” portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə "Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (bundan sonra- VEMTAS) göndərir. Sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş "Ərizə”ni və "Ərizə-bəyannamə”ni Təmsilçinin yaşayış yeri üzrə Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə  təqdim edir. Kağız üzərində edilən müraciət Mərkəz tərəfindən rəsmi olaraq qəbul olunur və bu barədə Təmsilçiyə müvafiq bildiriş təqdim edilir. Müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat rəsmən 1 iş günü müddətində Təmsilçiyə bildirilir.

Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına,  kağız üzərində göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra isə Təmsilçinin "Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən bu barədə məlumat göndərilir və ya bildirilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində  araşdırılır və müvafiq qərar qəbul edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. 

Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:

-  tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələ-rində yaşayan şəxslər);

- müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

- axtarışda olan şəxslər;

- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;

- əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

- Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;

-sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 

- ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

- ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);

-ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;

-  ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti,  təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin "Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir və ya bildirilir. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir. Təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinəsəbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 ay müddətində alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və  ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Sosial yardımın ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmaması üzrlü səbəbdən baş verdikdə, verilmə dayandırıldığı aydan bərpa edilir.

Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan  yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Ailə üzvünün digər şəxslərdən və ölkə xaricindən aldığı vəsaitlər onların digər gəlirləri hesab olunur.

Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.  Xarici valyuta ilə əldə olunan gəlir bu gəlirin əldə edildiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Həyətyanı torpaq sahəsindən əldə olunan gəlir hesablanarkən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda  tutulmuş normalardan artıq sahələr nəzərə alınır. Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda, həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin normadan artıq sahəyə vurulması yolu ilə hesablanır.

BAKU.WS

Son xəbərlər