Tarif Şurası qərar verdi: dərmanlar bahalaşır
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Qurumdan BAKU.WS-ə verilən xəbərə görə, iclasda daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilib (Cədvəl əlavə olunur).
Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3661 dərman vasitəsinin qiymətləri bu gündən qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcək.
Bununla da, ilin əvvəlindən etibarən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb. Belə ki, manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə, 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə, yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır. Bu isə manatın məzənnəsinin dəyişdiyi dövrdə dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin sosial əhəmiyyətini daha da artırır.
Qərarlar və dərman vasitələrinin qiymətlərinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri” bölmələrində yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Dərmanların qiymətində dəyişiklik olacaq
Bu gündən etibarən daha 1258 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. BAKU.WS məlumat verir ki, ümumilikdə qiyməti təsdiq edilmiş 3540 dərman...