Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? - "Çin öz xeyrinə olanı edəcək"

Tanınmış brendlər elektromobillərə niyə yox dedi? - Çin öz xeyrinə olanı edəcək
Video
Sosial 93

Elektrikli avtomobillər bir zamanlar gələcəyin əsas nəqliyyat vasitələri kimi təqdim olunsa da, bəzi iri şirkətlər artıq elektriklə çalışan avtomobil istehsalından imtina etmək qərarına gəliblər.

Səbəb tələbatın gözləniləndən aşağı, xərclərin isə yüksək olmasıdır. Mütəxəssislər deyirlər ki, bu, Çin bazarının yürütdüyü növbəti strategiyadır.

Avtobloqer Araz Mübarizoğlu Baku TV-yə bildirib ki, dünya üzrə elektrik batareyalarının əsas istehsalçısı məhz Çindir: "Dünyanı elektrik batareyaları ilə təmin edən böyük bir ölkə var - bu da Çindir. CATL, BYD kimi iri şirkətlər "Mercedes" də daxil olmaqla bir çox məşhur brendlərə batareyalar satırlar. Ümumilikdə istehsalın təxminən 60-70 faizi Çinin payına düşür.

Son illərdə Avropa və ABŞ şirkətləri də görür ki, Çin artıq bu sahədə üstünlük qazanıb. Çin öz modelləri üçün batareyaları daha ucuz qiymətə istehsal edir. Daxili bazar üçün daha ucuz başa gələn məhsul xarici bazarlara daha yüksək qiymətə təqdim olunur. Bu isə digər istehsalçıları alternativ olaraq daxili yanma mühərrikli avtomobillərə üstünlük verməyə sövq edir".

Qeyd edək ki, son illərdə ölkəmizdə də elektrikli avtomobillərə tələbat azalıb. Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 204 ədəd yalnız elektrik mühərriklə işləyən nəqliyyat vasitəsi gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 105 ədəd və ya 34%, dəyər ifadəsi ilə isə 3.3 milyon ABŞ dolları və ya 2.4 faiz azdır.

Son xəbərlər