Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır? - VİDEO

Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır? - VİDEO
Video
Sosial 98

Yəqin, hər kəs razılaşar ki, şagirdlərə qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan biliklərə daha çox yer verilmədir. Ancaq təəssüf ki, bu sahədə kifayət qədər boşluqlar var. Məhz buna görə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yolunun, şücaətlərinin dərsliklərə salınması barədə təkliflər var.

Bir müddət əvvəl məktəbi bitirənlər də, elə hazırda təhsil alan şagirdlərin əksəriyyəti də Babək, Koroğlu, Qaçaq Nəbi haqqında kifayət qədər məlumatlıdırlar. Çünki onlar haqda dərsliklərdə şeirlər, dastanlar öz əksini tapıb. Bəs eyni şeyi Aprel döyüşləri zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, eyni zamanda atəşkəs dövründəki erməni təxribatlarını dəf edərkən şəhid olan Mübariz İbrahimov, Polad Həşimov, Raqif Orucov, polkovnik İlqar Mirzəyev kimi şəhid hərbçilərimiz haqda deyə bilərikmi? Təəssüf ki, yox...

"Çox təəssüf ki, hazırda dərsliklərimizdə, xüsusən də tarix, ədəbiyyat fənlərində bu tipli məlumatlar azlıq təşkil edir. Bu səbəbdən bir daha qeyd edirəm ki, bu boşluqları bərpa etmək üçün yeni dərsliklər çap ediləndə yeni dövrümüzün qəhrəmanları haqqında geniş məlumatlar verilməli və bu ən zəruri addım olmalıdır". Bunu təhsil eksperti Kamran Əsədov Baku.tv-yə müsahibəsində qeyd edib.

Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin üzvü Şahin Seyidzadə deyir ki, dərsliklərin yenilənməsi müəyyən vaxt, daha dəqiq desək, 1-dən və 9-a qədər olan siniflər üçün olan kitablar 4 ildən bir, 10 və 11-ci siniflər üçün isə 5 ildən bir çap olunur.

"Hər il dərslik çap etmək mümkün deyil. Ancaq qeyd edə bilərəm ki, Aprel döyüşləri, eyni zamanda Mübariz İbrahimov Azərbaycan tarixi dərsliklərinə salınıb. Zamanla isə ən yeni tarix - Tovuz hadisələri də salınacaq", - deyə Şahin Seyidzadə müsahibəsində qeyd edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Qanun” nəşrlər evi “Məktəblilər üçün liderlik dərsləri” adlı seriyasında şəhid general-mayor Polad Həşimovdan bəhs edən kitab çap etmişdi. Polad Həşimovun təhsil aldığı məktəb, məktəbdə onunla bağlı olan xatirələr, daha sonra əsgər və generalların, ailəsinin xatirələri toplandığı “Polad generalımız” adlı kitab 2000 tirajla çap olunaraq məktəbli uşaqlara pulsuz paylanılmışdı. Şahbaz Xuduoğlu şəhid generalın həyatı haqda məlumatların məktəb dərsliklərinə salınmasını da təklif etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər