"Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur" - Rəsmi açıqlama

Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur - Rəsmi açıqlama
Sosial 30

"Ölüm haqqında şəhadətnamənin alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar. Ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır. Əgər mərhum sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər. Yeganə yol məhkəmədir, bu isə əlavə xərc və zaman itkisidir".

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev sosial şəbəkə hesabında yazıb.

Ölüm haqqında şəhadətnamənin alınması prosedurunun çətinliyi, yaxını vəfat edənlərin əziyyət çəkməsi, get-gələ salınması mətbuatda dəfələrlə müzakirə olunub, bu barədə şikayətlər işıqlandırılıb.

Problemi yenidən gündəmə gətirən ekspert qeyd edib ki, TƏBİB-ə yeni rəhbər təyinatından sonra ölüm haqqında arayışın alınması prosedurunun asanlaşdırılması istiqamətində səy göstərilsə, yaxşı olar. Onun sözlərinə görə, əsas problem TƏBİB-də sistemin inteqrasiya olunmaması ilə bağlıdır, əks halda sistemə baxıb digər xəstəxanada müalicə almış xəstələr barədə məlumat əldə etmək mümkün olardı.

Bəs problemin həlli istiqamətində hansısa işlərin görülməsi nəzərdə tutulubmu? Qeyd olunan inteqrasiya məsələsi öz həllini tapacaqmı?

Məsələ ilə bağlı TƏBİB-in cavabı belə olub: "Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsinin qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası" ilə tənzimlənir.

"Ölüm haqqında tibbi şəhadətnamə" mülkiyyət formasından asılı olmayaraq, ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və ya tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir".

Bu açıqlamadan belə məlum olur ki, TƏBİB proseduru asanlaşdırmaq üçün səlahiyyətli orqan deyil.

Səhiyyə Nazirliyindən də təxminən eyni məzmunda, prosedur qaydalarını aydınlaşdıran cavab verilib: "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"na əsasən "Ölüm haqqında tibbi şəhadətnamə"' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 21 nömrəli kollegiya qərarı ilə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən ölüm haqqında şəhadətnamə həkim və ya feldşer tərəfindən "Ölüm haqqında tibbi şəhadətnamə" elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.

Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə (https://e-health.gov.az/Services?categoryID=2515) əldə edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, ölüm haqqında tibbi şəhadətnamə yalnız tibb müəssisələri tərəfindən verilir və göründüyü kimi burada heç bir problem yaşanmamalıdır.

Əlavə olaraq qeyd edək ki, mərhumun meyiti Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin rayon və şəhər şöbələrində müayinə olunduğu halda mərhumun yaxınları həmin gün "Ölüm haqqında tibbi şəhadətnamə"ni ala bilirlər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər