Restoran və şadlıq saraylarında qiymətlər BAHALAŞIB

Restoran və şadlıq saraylarında qiymətlər BAHALAŞIB
Sosial 115

Azərbaycanda restoran, kafe və şadlıq saraylarında qiymət artımı son günlər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib.

BAKU.WS-in məlumtına görə, toy və digər kütləvi tədbirlərin təşkili ilə bağlı xərclərin yüksəlməsi vətəndaşların diqqətini bu sahəyə yönəldib.

Sosial şəbəkələrdə menyu qiymətlərinin artması, xidmət haqlarının dəyişməsi və əvvəlki illərlə müqayisədə xərclərin xeyli yüksəlməsi ilə bağlı paylaşımlar geniş rezonans doğurur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, bu bahalaşma iqtisadi proseslərin təbii nəticəsidir. Onun sözlərinə görə, hər il baş verən inflyasiya manatın alıcılıq qabiliyyətinə təsir göstərir və bu da məhsulların qiymətinin artmasına səbəb olur:

"Eyni zamanda yanacaq qiymətlərindəki dəyişikliklər logistik xərcləri yüksəldir. Bu isə həm ərzağın maya dəyərinə, həm də xidmət sektorunda qiymətlərin artmasına birbaşa təsir edir.

Personal xərcləri də ildən-ilə artır. Xidmət sahəsində əməkhaqlarının yüksəlməsi restoran və şadlıq saraylarını qiymətləri yeniləməyə məcbur edir".

Vüqar Oruc əlavə edib ki, son beş ildə iaşə sektorunda qiymətlər təxminən iki dəfə artıb:

"Əvvəllər bir nəfərlik tədbir menyusu orta hesabla 50-60 manat civarında idisə, hazırda bu rəqəm 100 manata yaxınlaşır və artım tendensiyası davam edə bilər.

Qarşıdakı dövrdə iqtisadi çətinliklər səbəbindən sifarişlərin sayı azala bilər. Bu halda müəssisələr qiymət endirmək əvəzinə işçi ixtisarına, xidmət səviyyəsinin azaldılmasına və ya menyu çeşidinin daraldılmasına üstünlük verə bilərlər.

Təqdim olunan "ucuz kampaniyalar" isə çox zaman keyfiyyət və çeşidin azalması hesabına kompensasiya olunur: Əgər maya dəyəri artırsa, qiymətlərin ciddi şəkildə ucuzlaşması real görünmür. Endirimlər əsasən reklam xarakteri daşıyır. İaşə sektorunda sabitlik yalnız ümumi iqtisadi sabitlik və xərclərin optimallaşdırılması fonunda mümkün ola bilər".

Orxan Hüseyn

Son xəbərlər