Rəssam Kənan Şeyxzamanlı: “Rəqəmsal Tıq-tıq xanım “TikTok”da 80 mindən çox baxış topladı” - MÜSAHİBƏ - FOTO

Rəssam Kənan Şeyxzamanlı: “Rəqəmsal Tıq-tıq xanım “TikTok”da 80 mindən çox baxış topladı” - MÜSAHİBƏ - FOTO
Sosial 336

NFT (Non-Fungible Token) dəyişdirilməsi mümkün olmayan nişandır (token), NFT-lərin hər biri unikaldır və bir nüsxədə mövcuddur. Onu bölmək olmaz və onun müəllifi, alıcısı və onunla aparılan digər əməliyyatlar haqqında bütün məlumatlar blokçeyndə etibarlı şəkildə saxlanılır. Başqa sözlə, NFT unikal obyektə əlavə edilmiş rəqəmsal sertifikatdır.

Azərbaycanda NFT kimi istiqamət hələ ki az tanınır, lakin dünyada bu, artıq geniş yayılıb. Bir qayda olaraq, yaradıcı insanlar üçün bu, sənət əsərlərini pula çevirmək imkanıdır.

“ALOV Club” layihəsi çərçivəsində tanınmış azərbaycanlı rəssam Kənan Şeyxzamanlının yeddi illüstrasiyası NFT kolleksiyasında pilot olub.

O, Media.Az-a müsahibəsində məşhur Tıq-tıq xanıma necə yeni “rəqəmsal nəfəs” vermək qərarına gəldiyindən danışıb:

- NFT formatında illüstrasiyalar sərgiləmək ideyası keçən il pandemiyanın əvvəlində ağlıma gəlib. Əvvəlcə milli filmlərimizdən obrazlar çəkməyə başladım, sonra cizgi filmlərinə keçdim. Məni ən çox Tıq-tıq xanımın obrazı cəlb etdi, onu tamaşaçılara yeni, daha müasir şəkildə təqdim etmək istədim. İllüstrasiyamın internetdə sürətlə yayılmasını nəzərə alsaq, hesab edirəm ki, buna nail olmuşam. O, sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub və internetin Azərbaycan seqmentində populyarlaşıb. Təkcə “TikTok”da 80 000-dən çox baxış olub.

- Və beləliklə, bütün obrazlar toplusu yarandı...

- Bəli, mən onu müxtəlif üslublarda - məsələn, müxtəlif dövrlərdə, yapon gözəli kimi çəkməyə başladım. Bundan əlavə, kolleksiyamda o, mirvari sırğalı qız obrazında göründü.

- Yəqin Yan Vermeerin tablosunu nəzərdə tutursunuz?

- Elədir ki, var. Bu niderlandlı rəssamın ən məşhur tablolarından biridir. Beləliklə, məndə Tıq-tıq xanım haqqında serial çəkmək fikri yarandı. Amma bu ideyanı həyata keçirmək üçün mən komanda toplamalıyam və buna uyğun olaraq müəyyən büdcəyə ehtiyacım var.

- Nəzərinizdə hansı miqdarı tutmusunuz?

- Məhz “ALOV Club” layihəsi çərçivəsində biz Azərbaycan rəssamlarının və incəsənət xadimlərinin milli NFT kolleksiyasını təqdim edirik. Hələlik orada mənim yeddi Tıq-tıq xanım pilot illüstrasiyam təqdim olunacaq, onların hər biri əslində gələcək “Tıq-tıq xanım: yeni sərgüzəştlər” serialının bir epizoduna həsr olunub. İllüstrasiyalar satılmağa başlayandan sonra yığılan pulla serial çəkməyə başlamağı planlaşdırıram.

- Maraqlı fikirdir... Üstəlik, bu istiqamət bütün dünyada çox məşhurdur...

- Elədir. Layihəmizin əsas məqsədi Azərbaycan incəsənət xadimlərini qlobal rəqəmsal incəsənət dünyasında tanıtmaqdır. Yeri gəlmişkən, sözügedən sənaye 2017-ci ildə inkişaf etməyə başlayıb, lakin müəyyən bir sıçrayışa yalnız indi çatıb.

Qeyd edək ki, NFT tokeninə çevrilən ilk sənət əsəri rəssam Benksinin ağ-qara əsəri olub- 2007-ci ildə “Morons (White)” adlı trafaret. “Injective Protocol” blokçeyn şirkəti onu satın aldı, yandırdı və NFT tokeni yaratdı – “sənət obyektinin rəqəmsal təsviri” ilə əlaqəli virtual aktiv.

- Bu gün Tıq-tıq xanımın rəqəmsal illüstrasiyaları hansı platformada təqdim olunur?

- opensea.io platformasında. İstəyən hər kəs onlara baxa bilər.

- Onları necə almaq olar?

- Onlar “Ethereum” əsaslı kriptovalyutaya (blokçeyn bazasında mərkəzləşdirilməmiş onlayn xidmətlərin yaradılması üçün platformalar - paylanmış reyestr texnologiyası) satılır.

Tamamilə bütün əsərlər əbədi yaddaşda (IPFS) saxlanılır. Rəqəmsal əsəri satın alan şəxs bunun üçün sertifikat alır – məhz token sahibinin əsərin orijinal nüsxəsinin sahibi olduğunu təsdiqləyən kod sətirləri.

- NFT investisiyadırmı və alıcı ondan hər hansı gəlir əldə edir?

- NFT sahibinə həm fiziki, həm də virtual olaraq obyektə sahib olmaq imkanı verir. Blokçeyn unikal əşyanı satın alanın məhz siz olduğunuzu qeyd edir. Təkcə rəqəmsal dünyada deyil, həm də real şəkildə rəsm almaq mümkündür. Məsələn, NFT-də real dünyada satılan bağlamanın şəkli ola bilər. Beləliklə, onu əldə edən şəxs təkcə rəqəmsal dünyada deyil, həm də real dünyada onun sahibi olur.

NFT hüquqlarını əldə edən şəxs əslində müəyyən bir sənət əsərinə sərmayə qoyur. Axı o populyarlaşaraq, bahalaşır və buna görə də sahibinə pul gətirir. Kolleksiyaçılar və digər sənət həvəskarları üçün bu cür alışlar orijinal rəsmlərin alınmasına bənzəyir.

- Və son sual, niyə məhz Tıq-tıq xanım?

- Tıq-tıq xanım toplu obrazdır. Mən onu müasir blogerlərimiz, aktyorlarımız və digər məşhur qadın şəxsiyyətlərimizin nümunəsində təqdim etmişəm. Məşhur Azərbaycan qadınının dünyasını onun gözü ilə göstərmək istədim.

Son xəbərlər