“Qız uşağını dünyaya gəlməmiş öldürürlər” – Tünzalə Ağayeva – VİDEO – FOTO

“Qız uşağını dünyaya gəlməmiş öldürürlər” – Tünzalə Ağayeva – VİDEO – FOTO
Video
Sosial 1824

"ARB Ulduz”da "Şou-məkan” proqramının bu dəfə növbəti qonağı deyil, qonaqları olub.

BAKU.WS xəbər verir ki, məşhurlar, "Doğulmamış uşaq ölümünə "yox” lahiyəsi” altında bir araya gəliblər. Onlar bu layihədə iştirak etmək üçün canla-başla, yorulmadan çalışıblar.

Layihənin ətrafında pərvanə olub uşaqların doğulmamışdan öncə tələf edilməsinə qarşı bir araya gələn əməkdar artist Tünzalə Ağayeva, müğənni Samira, Fərqanə Qasımova və xalq artisti Alim Qasımov və başqaları öz səsləri ilə etirazlarını bildirməyi qarşılarına məqsəd qoyublar.

Tünzalə Ağayeva: "Düşündüm ki, mənim səsimlə, iki cümlə oxumağımla hər hansı bir mesajı verə bilərəmsə, bu mənə də şərəfdir. Çünki bir canlını dünyaya gəlməmiş öldürmək ən böyük günahlardan biridir ki, biz bunu dərk edirik”.

Köhnəlib pas atmış düşüncələri mənasız sayan əməkdar artist Tünzalə Ağayeva bu kimi maarifləndirmə aksiyalarının hər zaman ön sıralarında addımlayır:

Tünzalə Ağayeva: "Köhnədən qalma, cahil stereotiplər var ki, insanlar uşaqların cinsini biləndən sonra, ay mən qız istəmirdim, oğul istəyirdim kimi düşüncələr səbəbindən onları məhv edirlər. Dünyaya gəlməmiş onlara qarşı cinayət törədilir.

Önəmli olan qız və ya oğlan dünyaya gətirmək deyil. Önəmli olan doğru insan yetişdirməkdir. Biz bu mesajlarla o analarımıza dəstək olmuş oluruq ki, onları bu mövzuda sıxışdırırlar, belə bir addım atmağa vadar edirlər”.

Uşaq doğulandan sonra belə övladından imtina edən valideynləri qınaq atəşinə tutan sənətçi bu sahədə təbliğatın vacib olduğunu dilə gətirib.

Tünzalə Ağayeva: "Dünyaya uşaq gətirən valideyinin vicdanında problem varsa, onlar üçün bir canlını küçəyə atmaq ağrılı bir şey deyil, cinayət deyil. Təəssüf ki, bu belədir. Cəmiyyət bu məsələdə bir qədər həssas olmalıdır. Təbliğat olmalıdır”.

Sosial layihədə iştirak edən müğənni Samira da öz səsləri, etiraz çağırışları ilə valideynləri daha diqqəti olmağa səslədiklərini qeyd edib:

Samira: "Belə mövzulara biz daha çox yer ayırmalıyıq. Bizim burda oxumağımız elə-belə deyil. İfamızla bütün analara müraciət edirik ki, bu addımı atmasınlar”. 

Sosial layihədə iştirak edib aksiyaya qoşulan Samir Salam da bu kimi layihələrin zamanla insanların düşüncəsinə təsir edib, onları daha doğru qərarlar verməyə təhrik edəcəyini söyləyib:

Samir Salam: "Dünya müasirləşdikcə insanlar belə fikirlərdən uzaqlaşacaqlar. Dünən bir cür baxırdılar, sabah tamam başqa cür baxacaqlar. Bu tip layihələr də müsbət fikirlərin formalaşmasına təkan verəcək”.

Layihənin rəhbəri və rejissoru Elçin Elxanlı da yalnız sənəti və şəxsiyyəti buna imkan verdiyi üçün Tünzalə Ağayeva, Samira, Fərqanə və Alim Qasımovlar kimi sənətçiləri bir araya gətirib sosial problemi qabartdıqlarını vurğulayıb.

Tünzalə Ağayeva: "Bu gün çox təəssüflər olsun ki, Azərbaycan ailələrində də biz belə hallarla qarşılaşırıq. Xüsusilə, qız uşaqlarını dünyaya gəlmədən tələf edirlər. Əgər ailədə bir qız varsa, ikinci, üçüncü olduqda artıq onu dünyaya gətirmirlər. Bu da canlı bir qətl olaraq qiymətləndirilir. Ona görə də, biz bu mahnıda analara səslənirik”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər