Qızılın qiyməti yenə BAHALAŞACAQ - 5 min dollar...
Son dövrlər qlobal maliyyə bazarlarında müşahidə olunan qeyri-müəyyənlik fonunda qızıl yenidən investorların əsas diqqət mərkəzinə çevrilib.
BAKU.WS-in məlumtına görə, dünya bazarlarında qiymətlərin artması daxili bazara da təsirsiz ötüşməyib.
Bəs hazırda qızıl bazarında vəziyyət necədir, bahalaşma varmı və bu artım hansı səviyyədədir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bu sözləri BAKU.WS-ə açıqlamasında mövzu ilə bağlı son qiymətləri və gözləntiləri açıqlayıb:
"Hazırda qızıl bazarında qiymətlərin artım tendensiyası açıq şəkildə müşahidə olunur. Son günlərin məlumatına əsasən, dünya bazarında bir unsiya qızılın qiyməti təxminən 4670 dollar səviyyəsində formalaşıb. Bu göstərici onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də qızılın bahalaşması davam edəcək.
Tarixi tendensiyalara nəzər salsaq, qızılın qiymətinin 5000 dollara qədər yüksəlməsi real görünür. Hətta mövcud iqtisadi şərtləri nəzərə alsaq, bu həddi də keçə biləcəyi istisna edilmir. Bunun əsas səbəbi alternativ investisiya alətlərinin öz dəyərini itirməsi və qlobal maliyyə sistemində mövcud olan qeyri-müəyyənlikdir.
Hazırda əsas dayanıqlı hesab edilən xarici valyutalar, xüsusilə ABŞ dolları və digər aparıcı valyutalar inflyasiya dövrlərini yaşayır və dəyərlərində ciddi itkilərlə üzləşirlər. Belə bir şəraitdə qızılın bahalaşması tamamilə təbii və gözlənilən prosesdir.
Dünya bazarında 999 əyarlı (saf) qızılın 1 qramının qiyməti təxminən 150 dollar təşkil edir. Daxili bazarda isə həmin qızılın alış qiyməti 255 manat, satış qiyməti isə təqribən 300 manata qədər yüksəlib.
Digər əyarlara gəldikdə, 585 əyarlı qızılın satış qiyməti təxminən 180 manat, 750 əyarlı qızılın satış qiyməti 250 manat civarındadır. "Ərəb qızılı" kimi tanınan 916 əyarlı qızılın satış qiyməti isə demək olar ki, saf qızıl ilə eynidir və 300 manat ətrafında dəyişir.
Bu artım prosesi hələ davam edəcək və qızılın bahalaşması il ərzində ardıcıl xarakter daşıyacaq. Statistik göstəricilərə əsasən, ötən ilin dekabr ayı ilə bu ilin yanvar ayını müqayisə etdikdə qızılın qiymətində təxminən 7 faiz artım qeydə alınıb. Proses hazırda da davam edir və yaxın aylarda bazarda yeni rekordların qeydə alınması mümkündür".
Orxan Hüseyn
Oxşar xəbərlər
ADSEA: Qarlı hava su təchizatına təsir etməyib
Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, sayğaclarda baş verən donvurma və ya digər nasazlıqlarla bağlı 955 Çağrı Mərkəzinə, eləcə də aidiyyəti...