Prezidentin qərarından sonra gömrükdən nəyi pulsuz keçirmək olar?

Prezidentin qərarından sonra gömrükdən nəyi pulsuz keçirmək olar?
Sosial 3884

 

Prezident İlham Əliyevin 24 dekabr 2015-ci il tarixli Fərmanı ilə "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"nın birinci hissəsi ləğv olunduqdan sonra daha Azərbaycan vətəndaşları ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 dollar ekvivalenti məbləğindən) artıq olmayan, kommersiya məqsədləri üçün nəzərdə tutulan malları gətirə bilərlər.

Bəs görəsən, gömrükdən nəyi və hansı həddə rüsumsuz keçirmək mümkündür? BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Qalib Toğrul bildirib ki, aşağıdakıları gömrükdən rüsumsuz keçirib ölkəyə gətirmək mümkündür:

- Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

- 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki və 600 ədəd siqaret (3 blok);

- 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);

- 125 qrama qədər nərə cinsli balıq kürüsü;

- Gömrük ərazisindən aparılan mallar (məsələn, "Duty free"dən alınan);

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar;

İqtisadçı qeyd edib ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir:

"Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı yuxarıda müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir".

Ekspertin sözlərinə görə, 1500 dolların tərkibinə səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar, Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri, Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə) daxil deyil.

Q.Toğrul fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların adlarına da aydınlıq gətirib. Həmin siyahı belədir:

- Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar;

- Avtonəqliyyat vasitələri;

- 1500 (min beş yüz) ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar;

- 10 000 dollar ekvivalentindən artıq valyuta və qiymətli kağızlar;

- Gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya), icazə sənədi tələb olunan mallar.

BAKU.WS

Son xəbərlər