Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib.
BAKU.WS xəbər verir ki, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı təşkilatlarının və hərəkatlarının təmsilçiləri ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulayıblar.
Bu xüsusda qeyd olunmalıdır ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir.
Bununla yanaşı, səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranıb. Dövlət başçısı tərəfindən 2020-ci ilin Könüllülər İli elan edilməsini, ölkəmizdə mövcud olan könüllü təşkilatlarının sayını və zəngin təcrübəsini nəzərə alaraq, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin entuziazmı, enerjisi və bacarıqlarının səfərbər edilməsi dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək.
Yeni yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün könüllü təşkilatları və hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə yerlərdə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi, həyata keçirilən tədbirlərə dəstək vermək niyyətində olan ictimai təşkilat, təşəbbüs qrupları və vətəndaşların səfərbər edilməsi və eyni zamanda digər məsələləri əhatə edəcək.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin idarə olunması onun təsisçiləri olan təşkilatlar tərəfindən həyata keçiriləcək, Mərkəzin katibliyi Azərbaycan Respublikasının Gənclər Fondunda yerləşəcəkdir. Mərkəzin fəaliyyəti, o cümlədən iclaslar və müzakirələr müasir informasiya-texnologiyalarının imkanlarından istifadə edərək, virtual qaydada təşkil ediləcək. Həmçinin, Mərkəzin çağrı mərkəzi və xüsusi könüllü portalının da təsis edilməsi nəzərdə tutulur. Könüllülük fəaliyyətinə qoşulmaq istəyən vətəndaşlardan və Mərkəzin işində iştirak etmək istəyən könüllü təşkilatlarından [email protected] elektron poçt ünvanı vasitəsilə katibliyə müraciət etmələri xahiş olunur. Unutmayın ki, biz birlikdə güclüyük!
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...