Prezident İlham Əliyev Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanış olub

Prezident İlham Əliyev Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanış olub
Sosial 1693

Bu gün Azərbaycan prezidenti İlham Əliyev  Bakı dəmir yolu vağzalında əsaslı təmir olunmuş Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində bu günlərdə istifadəyə veriləcək Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanış olub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçısı "Stadler Rail Group” şirkətinin "Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarında sərnişinlər üçün yaradılan şəraitdən razı qalıb. Daha sonra açılış mərasimi keçirilib və ilk Bakı-Xırdalan-Sumqayıt qatarı yola düşüb. Qeyd edək ki, sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək.  Sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar "Stadler Rail Group” şirkətinin "Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək. Sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də  Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib. Növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq. Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarına biletləri sərnişinlər həm vağzallarda kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə alacaqlar. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq. Sonradan isə biletlərin kartla satış sisteminin tətbiqi nəzərdə tutulub. İlk 3 gün ərzində sərnişinlər üçün pulsuz xidmət göstərilməsi nəzərdə tutulub. BAKU.WS 

Oxşar xəbərlər

Bakı metrosunda qrafik dəyişir

Bakı metrosunda qrafik dəyişir

Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə...

2236 Sosial 10:00 11 sentyabr 2015

Son xəbərlər