Prezident bu qanunları imzaladı: Epidemiya əleyhinə rejimi pozanlar həbs olunacaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Oxu.Az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr nəzərdə tutulur.
Belə ki, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Prezidentin imzaladığı qanunla 388-1-ci maddə üzrə də dəyişiklik olunub.
Maddənin adında və 388-1.1.1-ci maddənin dispozisiyasında “ehtiyatında” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilib.
388-1.1-ci maddənin dispozisiyasında “sahibi” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri əlavə olunub.
388-1.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilib:
Fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Ölkə başçısı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Məcəllənin 139-1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Oxşar xəbərlər
İlham Əliyevdən YENİ VACİB QƏRAR
Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...