Peşəkarların gözü ilə: 2025-ci il Azərbaycan mediası üçün necə xatırlanacaq?
2025-ci il media sahəsində baş verən proseslər həm peşəkar çevrələrdə, həm də ictimai gündəmdə diqqətlə izlənildi. İnformasiya mühitində müşahidə olunan dəyişikliklər, jurnalistikanın cəmiyyətdəki rolu və media institutlarının fəaliyyəti il boyu müzakirə mövzusu olaraq qaldı. Media təmsilçilərinin nəzərində 2025-ci il Azərbaycan mediası üçün necə xatırlanacaq?
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Yubiley və onun ətrafında baş verən proseslər
Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, 2025-ci ildə mətbuatımızın 150 illik yubileyinə şahidlik etdik: "Hesab edirəm ki, ilin ən böyük media hadisəsi məhz bu yubiley və onun ətrafında baş verən proseslər oldu. Bu yubiley təkcə tarixi bir mərhələnin qeyd olunması deyil, eyni zamanda mətbuatın cəmiyyətdəki roluna verilən dəyərin göstəricisi idi. 2025-ci ildə mətbuatımız adına yubiley medalının təsis edilməsi mühüm bir ilk kimi yadda qaldı. Prezident İlham Əliyevin fevral ayında imzaladığı Fərmanla təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalının sahiblərinə təqdim edilməsi ilə təltif olunan jurnalistlərin sevincinə şahid olduq. Bu təltiflər media cameəsində həm mənəvi ruh yüksəkliyi yaratdı, həm də peşəyə olan hörmətin ifadəsi kimi qiymətləndirildi".
R.Məcid Milli Mətbuat Günü ərəfəsində jurnalistlərin böyük bir qrupunun təltif edilməsini də ilin pozitiv hadisələrindən hesab edir: "Jurnalistlərin böyük bir qrupu "Əməkdar jurnalist" fəxri adına, eləcə də müxtəlif orden və medallara layiq görüldü. Bu, mətbuat işçilərinin əməyinin dövlət səviyyəsində qiymətləndirildiyini bir daha göstərdi. Bundan əlavə, Şuşada keçirilmiş və artıq ənənəyə çevrilmiş Qlobal Media Forum, eləcə də D-8 Media Forumu, Türkdilli Dövlətlərin Media Forumu və Azərbaycan-Gürcüstan Media Forumu başa çatmaqda olan ilin mühüm media hadisələri sırasında xüsusi yer tutur".
"Azərbaycan mediası inkişafa və tərəqqiyə doğru irəliləyir"
Sədrin fikrincə, 2025-ci ildə nüfuzlu "Euronews" telekanalının Bakı ofisinin açılması da diqqətçəkən hadisələrdən biri idi: "Təsadüfi deyil ki, mütəxəssislər Avropanın aparıcı telekanallarından birinin Azərbaycanda ofis açmasını ölkəmizin media sahəsində son illərdə əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirirlər. Ümumən, Azərbaycan mediası inkişafa və tərəqqiyə doğru irəliləyir. Arzu edərdim ki, 2026-cı il də media cameəsi üçün yeni uğurlar və inkişaf imkanları ilə yadda qalsın".
"Medianın cəmiyyətdəki rolu xeyli artdı"
"Report" İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyevin sözlərinə görə, 2025-ci ildə medianın cəmiyyətdəki rolu xeyli artdı: "Dövlət orqanları tərəfindən hesabat xarakterli mətbuat konfranslarının sayının artması müsbət tendensiya kimi qiymətləndirilməlidir. Dövlət qurumlarının rəhbərlərinin media vasitəsilə cəmiyyət qarşısında hesabat verməsi şəffaflığın artırılmasına töhfə verir. Mətbuat xidmətlərinin fəaliyyətində də müəyyən irəliləyişlər müşahidə olunur. "Media haqqında" qanuna edilən dəyişikliklər medianın müxtəlif istiqamətlərini - agentlikləri, televiziya kanallarını, saytları və qəzetləri əhatə etdi. Hesab edirəm ki, mediaya göstərilən bu diqqət gələcək illərdə də davam edəcək".
F.Hüseynəliyev bildirdi ki, Media İnkişaf Agentliyinin təşkil etdiyi müxtəlif treninqlər və təlim proqramları xüsusilə gənc jurnalistlər üçün yeni bilik və təcrübə qazanmaq baxımından mühüm rol oynadı. Bu tədbirlər medianın peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Direktor bildirir ki, 2025-ci ildə medianın 150 illik yubileyi dövlət səviyyəsində qeyd edildi və il ərzində tədbirlər təşkil olundu: "Yubiley ili çərçivəsində mətbuat tariximizi əks etdirən konfranslar, görüşlər və müzakirələr keçirildi, yubiley medalı təsis edildi. Bu tədbirlər həm tarixi irsin təbliği, həm də medianın gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdı".
"Yüksək dəyərin göstəricisi"
Media.az informasiya portalının direktoru və baş redaktoru Cəmilə Ələkbərova da düşünür ki, 2025-ci il Azərbaycan mediası üçün həm mühüm transformasiyalar və çağırışlar dövrü, həm də beynəlxalq arenada əldə olunan nailiyyətlərlə yadda qalır: "Bu il Azərbaycan qlobal media dialoqu üçün mühüm mərkəz kimi fəal şəkildə çıxış etdi. Mətbuatımızın 150 illiyinə və süni intellekt dövründə medianın dayanıqlı inkişafına həsr olunan III Şuşa Qlobal Media Forumu ilin ən parlaq hadisələrindən biri kimi yadda qaldı. Noyabr ayında Bakıda təşkil olunan ilk D-8 Media Forumunda isə inkişaf etməkdə olan ölkələr arasında media sahəsində əməkdaşlığa dair "Bakı Bəyannaməsi 2025" qəbul olundu. Bu forumlar dünyanın müxtəlif ölkələrindən yüzlərlə jurnalist və eksperti bir araya gətirməklə yanaşı, Azərbaycanın informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə sahəsindəki rolunu da ön plana çıxardı".
C.Ələkbərova vurğulayıb ki, yubiley tədbirləri milli mətbuatın tarixi yoluna verilən yüksək dəyərin göstəricisidir: "İyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 illiyi təntənəli şəkildə qeyd olundu. Prezidentin imzaladığı Fərmanla onlarla jurnalist yubiley medalı ilə təltif edildi. Bu, dövlət səviyyəsində mətbuatın tarixi yoluna, söz və informasiya azadlığının inkişafına verilən yüksək qiymətin növbəti təzahürü kimi dəyərləndirilməlidir".
"Çap mediasının inkişafı vacibdir"
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov isə bildirdi ki, 2025-ci ildə medianı ən çox düşündürməli olan məsələlərdən biri süni intellektin sürətli inkişafı idi: "Bu proses media üçün həm yeni imkanlar yaratdı, həm də ciddi çağırışlar ortaya çıxardı. Süni intellekt texnologiyalarının informasiya istehsalına təsiri artıq özünü açıq şəkildə göstərir və yaxın gələcəkdə medianın fəaliyyət prinsiplərinin əsaslı şəkildə dəyişəcəyini deməyə əsas verir".
V.Məmmədovun sözlərinə görə, bu il qəzetlərə ayrılan maliyyə dəstəyinin azaldılması narahatlıq doğuran məqamlardandır: "Saytlara ayrılan vəsaitlərin artırılması müsbət hal sayıla bilər, lakin bunun çap mediasının hesabına baş verməsi məyusedicidir. Qəzetlərin birləşdirilməsi, redaksiyalarda ixtisarların aparılması çap mediasının vəziyyətini daha da çətinləşdirir. Məncə, "qəzet oxuyan yoxdur" arqumenti ilə çap mediasını azaltmaq doğru yanaşma deyil. Qəzetlər yaşamalı, müasir dövrün tələblərinə uyğunlaşaraq fəaliyyətini davam etdirməlidir. Eyni zamanda jurnalların demək olar ki, yox səviyyəsində olması da düşündürücüdür. Çap mediasının bütün formalarının inkişafı vacibdir".
Oxşar xəbərlər
"Karaca" mağazası ilə bağlı QALMAQAL: "Dedilər ki, get, nə istəyirsənsə et"
Baku TV-nin qaynar xəttinə "Karaca" mağazası ilə bağlı şikayət daxil olub. Şikayətçi Ləman Abbaslı bildirir ki, "Karaca" mağazasından 3 min manatlıq alış-veriş...