Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya

Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya
Video
Sosial 51

Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində zibil qutularının qıfıllanması sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, məişət tullantılarını atmaq üçün istifadə etdikləri konteynerlərin ağzı qıfıllandığından zibili yaxınlıqdakı digər binaların həyətlərində yerləşən qutulara atmalı olurlar.

Baku TV məsələni araşdırarkən məlum olub ki, sözügedən zibil qutuları yaxınlıqda fəaliyyət göstərən özəl tibb mərkəzinə məxsusdur.

Klinikanın əməkdaşları bildiriblər ki, konteynerlərdə tibbi tullantılar toplanır. Sakinlərin məişət tullantılarını bura atmasının və ətrafa tullantı tökülməsinin qarşısını almaq üçün konteynerlərin qapaqları qıfıllanıb.

Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən isə bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsi 12 ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən tibb mərkəzinin tibbi tullantılarının ətrafda yaşayan sakinlərin sağlamlığına mümkün təsiri nəzərə alınaraq, klinika rəhbərliyinə konteynerlərin xüsusi əraziyə yerləşdirilməsi və ya qapaqlarının bağlı saxlanılması tapşırılıb.

Qurumun məlumatına görə, sakinlərin məişət tullantılarını atması üçün yaxınlıqda konteyner meydançası mövcuddur. Həmin meydançadakı tullantılar gündəlik daşınır və ərazidə sanitar vəziyyətə nəzarət edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər