Orta məktəblərdə nə baş verir?

Son dövrlər gənclər və yeniyetmələr arasında aqresivlik artır. İş o yerə çatıb ki, hətta son günlər orta məktəblərdə ard-arda dava və bıçaqlanma halları baş verib.
Bəs qeydə alınan cinayətlərin əsas səbəbi nədir?
Bununla bağlı sosial şəbəkələrdə və cəmiyyətdə müxtəli fikirlər səslənib. Kiminə görə əsas səbəb internet resurslarında yayılan informasiyaların gənclərə təsiridir. Bəziləri bunun orta məktəblərdə aparılan təlim-tərbiyənin keyfiyyətinin aşağı düşməsi əlaqələndirir.
Bəs mütəxəssislər nə düşünür?
Orta məktəblərin birində psixoloq işləyən Aytən Həsənova BAKU.WS-ə açıqlamasında bildirdi ki, uşaqlar arasında aqressiyanın artmasının bir neçə əsas səbəbi var:
"Bunlar sistemli və fərdi amillərlə əlaqəlidir:
Ailə mühiti: Bildiyimiz kimi,ailə uşağın ilk sosiallaşma mühitidir.Uşağın yaşadığı ailədə zorakılıq, diqqətsizlik, sevgisizlik,münaqişələr və s. aqressiv davranışların yaranmasına zəmin yarada bilər.
Sosial və iqtisadi faktorlar: Maddi sıxıntılar, sosial bərabərsizlik, valideynlərin işsizliyi və s. uşaqların psixoloji rifahına mənfi təsir göstərir.
Məktəb mühiti: Məktəbdə müəllim-şagird münasibətləri, fiziki mühitin zəifliyi, intizam problemləri və emosional dəstəyin çatışmazlığı uşaqların stresini artırır və aqressiyanı çıxış yolu kimi göstərir. Sosial media və texnologiya təsiri: Zorakılığın normallaşdırıldığı oyunlar, videolar və sosial şəbəkələrdə kiberzorakılıq halları uşaqların empati hissinin azalmasına və aqressiv davranışların artmasına səbəb olur.
Psixoloji problemlər: Davamlı emosional tənzimləmə çətinliyi,impulsivlik və s. aqressiv reaksiyalarla nəticələnə bilər".

Aytən Həsənova orta məktəblərin psixoloji durumunu belə şərh edib:
"Hazırda bir çox orta məktəbdə psixoloji durum narahatedici səviyyədədir və bu, müxtəlif səviyyələrdə müşahidə olunur:
Şagirdlərdə emosional yüklənmə artıb: Gələcəyə dair qeyri-müəyyənlik, akademik təzyiqlər, sosial münasibətlərdə çətinliklər, bəzən psixoloji dəstək çatışmazlığı şagirdlərin özlərini narahat, depressiv və ya aqressiv hiss etməsinə səbəb olur.
Müəllimlərdə tükənmişlik hallarına rast gəlinir: Psixoloji dəstəyin müəllimlər üçün də yetərli olmaması,(bəzən bundan imtina etmələri),artan məsuliyyət onların emosional dayanıqlığını zəiflədir.
Valideynlərin bəzən məktəb həyatında passiv iştirak etməsi, psixoloqla əməkdaşlığa açıq olmamaları məktəbin psixoloji iqlimini mənfi təsir altına salır.
Zorakılıq hallarının artması: Məktəbdaxili zorakılıq, kiberzorakılıq və sosial münasibətlərdə təhqir və təcridetmə hallarının artması məktəb psixoloji iqlimini təhlükə altına alır".
Bəs problemin qarşısını almaq üçün məktəblərdə psixoloji xidmət hansı istiqamətdə gücləndirilməlidir?
Aytən Həsənova deyir ki, ilk növbədə profilaktik tədbirlər artırılmalıdır:
"Emosional tənzimləmə, stressin idarə olunması, sosial bacarıqların inkişafı ilə bağlı qrupla psixoloji işlər təşkil olunmalıdır.
Valideynlər üçün seminarlar, təlimlər keçirilməli, psixoloq-valideyn əməkdaşlığı möhkəmləndirilməlidir.
Müəllimlərə şagirdlərin psixoloji ehtiyaclarını tanımaq və düzgün yanaşma yolları haqqında təlimlər verilməlidir.
Müəllim-psixoloq əməkdaşlığı sistematik və məqsədli olmalıdır".
Aytən Həsənova onu da vurğulayıb ki, məktəblərdə psixoloqların iş yükünü tənzimləmək lazımdır:
"Hər psixoloqa düşən şagird sayı nizamlanmalıdır. Bir psixoloqa həddən artıq şagird düşür. Bu da onun hər bir şagirdin psixoloji ehtiyacını vaxtında və səmərəli şəkildə müəyyənləşdirib müdaxilə etməsini mümkünsüz edir. Hələ üstəlik də psixoloq həm müəllim , həm də valideynlərlə işləməlidi.Bu səbəbdən, belə bir nisbət psixoloji xidmətin effektivliyini və təsir dairəsini əhəmiyyətli dərəcədə azaldır.
Psixoloqların peşəkar inkişafı üçün daimi treninqlər, superviziya və dəstək sistemlərin qurulması məqsədə müvafiqdir.
Məktəb psixoloqunun iş fəaliyyətinə tədris saatlarının daxil edilməsi,onun şagirdlərlə daha sistemli və davamlı əlaqə qurmasına imkan yaradar. Bu, psixoloqun həm profilaktik, həm də müdaxiləyə yönəlik fəaliyyətini gücləndirər və şagirdlərin psixoloji ehtiyaclarının daha dərindən öyrənilməsinə şərait yaradar".
Ziya SƏCCAD
Oxşar xəbərlər
"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?
"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manat...
